“AŞPA komitəsi Ramil Səfərovun əfv edilməsinin beynəlxalq qanunvericiliyə uyğun olduğunu təsdiqləyir”

Sentyabrın 6-da AŞPA-nın Hüquq məsələləri komitəsinin Parisdə keçirilən iclasının sonunda Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov APA-ya müsahibəsində bu barədə danışıb.

– Komitə üzvlərini ekstradisiya və əfv edilmənin beynəlxalq qanunvericiliyi pozmadan icra edildiyinə inandırmaq mümkün oldumu?

– AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsi Ramil Səfərovun əfv edilməsinin beynəlxalq qanunvericiliyə tam uyğun olduğunu təsdiqləyir. Komitə sədri müxtəlif tərəflərdən ekstradisiya və əfv edilmənin “Ekstradisiya haqqında” Avropa Konvensiyasını pozmadığını təsdiqləyən hüquqi məsləhət aldığını bəyan etdi. Ramil Səfərov Konvensiyanın 12-ci maddəsinə uyğun olaraq əfv olunub. Həmin maddə belə bir iş üzrə üzv ölkənin cəzanı əfv etməsinə aydın şəkildə icazə verir. Komitədəki müzakirə ermənilərin və digər üzvlərin şəxsi və emosional qeydləri ilə əvəz olundu. Əlbəttə, mən öz nitqimdə bu qeydlərə cavab verdim və vurğuladım ki, Hüquqi məsələlər komitəsində məsələyə subyektiv emosional aspektdən deyil, obyektiv hüquqi tərəfdən baxılmalıdır.

– Bu hadisə səkkiz il əvvəl baş verib. Sizin fikrinizcə, ermənilərin bu gün beynəlxalq mediada bu məsələni böyük bir faciəyə çevirməsinin real səbəbi nədir?

– Aydındır ki, ermənilərin yeganə məqsədi işğal edilmiş ərazilərdə öz mövqelərini qeyri-qanuni möhkəmləndirmək və BMT və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən qeyd-şərtsiz geri çağırılması barədə tələblərini rədd etməkdir. Belə bir dramatik görüntü yaratmaqla, onların məqsədi yalnız Dağlıq Qarabağın hazırkı vəziyyətini möhkəmləndirməkdir.

– Halbuki Ermənistan Azərbaycanın bir hissəsini qeyri-qanuni işğal etdiyini heç bir zaman qəbul etməyib…
– Bu artıq belə deyil. Çərşənbə axşamı Monitorinq Komitəsindəki müzakirə zamanı Ermənistanın deputatı David Harutyunyan məruzə layihəsinə və bizim arqumentlərimizə görə o qədər əsəbiləşdi ki, Azərbaycanın 20% ərazisinin Ermənistanın işğalı altında olmasını qeyd edən məruzə layihəsinə düzəliş edilməsini istədi. O təkid edirdi ki, Azərbaycanın yalnız 15% ərazisinin Ermənistanın işğalı altında olması qeyd olunmalıdır. Bundan əlavə, o, bildir ki, 1 milyon yox, məhz 700.000 azərbaycanlı erməni işğalı nəticəsində öz evlərini tərk etməyə və öz ölkələrində qaçqın həyatı yaşamağa məcbur edilib. Eyni tərzdə bəzi nihilistlər Hitlerin 6 milyon deyil, 4 milyon yəhudini öldürdüyünü iddia edirdilər və belə çıxır ki, Hitler o qədər də pis adam deyilmiş. Bu, əlbəttə, gülməlidir. Bəli, erməni deputat açıq etiraf etdi ki, Ermənistan Avropa Şurasına üzv olan qonşu dövlətin ərazisini işğal edib. Yeri gəlmişkən, mən dərhal komitə üzvlərinə dərin məyusluğumu ifadə etdim, çünki onların hamısı Ermənistanın bu kədərli reallığı etiraf etməsini sükutla qarşıladılar.

– Deməli, düşünürsünüz ki, AŞPA bu sahədə daha fəal olmalıdır?
– Şübhəsiz! Əgər üzv dövləti beynəlxalq qətnamələri icra etməyə məcbur edə bilmirsinizsə, necə insan hüquqları, qanunun aliliyi və müsbət qonşuluq yarada bilərsiniz? Bu problemdən yaxşı xəbərdar olan AŞPA Bürosu Dağlıq Qarabağ üzrə alt komitəyə dialoqu davam etdirmək və mümkün həll yolları irəli sürmək barədə göstəriş verdi. Lakin məhz ermənilər son iki il ərzində heç vaxt heç bir iclasda görünmədilər. Bu həftə gedən müzakirələrdə həmin alt komitənin ispaniyalı həmsədri ermənilərin bu davamlı mənfi münasibətindən irəli gələn təəssüf və narahatlığını açıq ifadə etdi. Ancaq onlara heç vaxt sanksiya tətbiq olunmadı. Digər tərəfdən, bütün müşahidəçilərə daha da aydın olur ki, ermənilər yalnız status-kvonu saxlamağa can atır, səmimi olaraq həll yolu axtarmır və şübhəsiz, mövcud beynəlxalq qətnamələrə riayət etmək istəmirlər. Düşünürəm ki, Ramil Səfərovun insidenti, eləcə də erməni snayperləri tərəfindən Azərbaycanın mülki vətəndaşlarının davamlı şəkildə öldürülməsi kimi beynəlxalq medianın diqqətini cəlb etməyən bir çox digər təəssüf doğuran insidentlər Ermənistan tərəfindən bu qətnamələrin yerinə yetirilməməsinin nəticəsidir.

– Azərbaycan mülki vətəndaşlarının öldürülməsi məsələsi də komitədə qaldırılıbmı?
– Bu gün AŞPA Komitəsinə məlumat verdim ki, rəsmi rəqəmlərə əsasən təkcə münaqişənin ilk 5 ili ərzində 1250 nəfər mülki vətəndaş həlak olmuş, 1283 nəfər yaralanmış, 65 nəfər itkin düşmüşdür. Həlak olanlar bir çox hallarda snayperlərlə vurulub və bu proses bu gün də davam etməkdədir. Mən vurğuladım ki, biz də, şübhəsiz, törədilmiş bu amansız qətllər barədə şikayətlərimizi Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar (BMT, ATƏT və s.) qarşısında müntəzəm olaraq bildirmişik, lakin təəssüf ki, yalnız onların, eləcə də beynəlxalq medianın tam sükutunu xatırlayırıq. Azərbaycan leytenantı Ramil Səfərov səkkiz ildən artıq müddətdə həbsdə olub, 20 ildən bəri isə minlərlə azərbaycanlı mülki şəxs ermənilər tərəfindən qətlə yetirilmiş olsa da, bu günə qədər heç bir erməni cəzalandırılmayıb. Beynəlxalq ictimaiyyət Azərbaycan vətəndaşlarına qarşı həyata keçirilmiş erməni zorakılığına nəinki öz etirazını bildirməyib, hətta bu məsələdə Azərbaycanın tələblərinə məhəl qoymayıb.

– Monitorinq Komitəsində Azərbaycanla bağlı məruzə layihəsinin müzakirə olunduğunu söylədiniz. Bu məruzə sizin üçün qəbulediləndirmi?
– Monitorinq Komitəsinin məruzəsi bütün əlaqədar sahələrdə son 4 il ərzində baş vermiş inkişafı əks etdirir. Ən mühüm məqam odur ki, AŞPA tarixində ilk dəfə xüsusi olaraq ATƏT-in Minsk Qrupunun uğursuzluğu tənqid edilir və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, İranın müstəqil Azərbaycanın mövcudluğuna qarşı təhdidi, bütövlükdə regionun geosiyasi reallığı və yerli əhalinin bununla bağlı Avropadan gözləntiləri vurğulanır. Mən Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidovla birgə ilk qeydlərimi bildirmək üçün çıxış etdim. Məruzə çox hərtərəfli sənəddir və mən onun əsas etibarilə dəqiq faktlara və rəqəmlərə əsaslanmasını yüksək qiymətləndirirəm, lakin əlbəttə ki, onların heç də hamısı müfəssəl məlumatlara istinad etmir və bir sıra elementlərə mütləq düzəliş edilməlidir. Bu müstəvidə reallığa tam və ya bu mərhələdə müvafiq gəlməyən və tam araşdırılması zəruri olan bir neçə bəndi qeyd etdim. Şübhəsiz, prosedura əsasən biz növbəti həftələr və aylardan istifadə edərək, məruzəyə daxil edilməsi üçün katibliyə və məruzəçilərə bir neçə təklif göndərəcəyik.
– Bu həftə Parisdə sizin üçün kifayət qədər gərgin həftə olub. Siz AŞPA-nın müxtəlif komitələrində Azərbaycanın maraqlarını müdafiə etmisiniz. Bəs Avropa Parlamenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri olduğunuz Avronest Parlament Assambleyası necə? Onlar Səfərov məsələsindən narahatdırlarmı?
– Bəli, həftə ərzində gərgin iş qrafiki ilə çalışsaq da, həmkarlarım Səməd Seyidov və Rafael Hüseynovla birgə Azərbaycan xalqını Avropa Şurasında təmsil etmək və onun maraqlarını müdafiə etməklə Azərbaycana qarşı yönəlmiş bir sıra hücumların qarşısını aldıq. Avropa Parlamentinə gəldikdə isə, R. Səfərovla bağlı Avropa siyasətçilərinin verdiyi müxtəlif bəyanatlardan sonra Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin üzvləri, əlbəttə, dərhal Azərbaycanın mövqeyini aydınlaşdırmaq və müdafiə etmək məqsədilə Avropa Parlamentinin prezidentinə, siyasi qrupların liderlərinə, Avropa Parlamentinin üzvlərinə, Avronest PA-nın həmsədrlərinə və Avronest PA-nın “Şərq Tərəfdaşlığı” ölkələrindən olan üzvlərinə rəsmi məktubla müraciət etdilər. Bu məktub dünən göndərilib.

– Bütün bu qarışıqlıqla bağlı gəldiyiniz şəxsi nəticə necədir?

– Bu gün Hüquq Məsələləri Komitəsinin üzvlərinə bildirdiyim kimi, dinlərimizin fərqli olmasına baxmayaraq, yer üzündəki bütün insanların Allahı birdir. Bütün qərar vericiləri düzgünlük və ədaləti dəstəkləməyə və istənilən ikili standart və ya ayrı-seçkiliyi dayandırmağa dəvət edirəm.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO