“Ankaranın Qafqazda əsas məqsədi Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaqdır “

Türkiyənin Qafqazda əsas məqsədi Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaqdır, Trend New-a Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ertoğrul Apakan (Ertugrul Apakan) bildirib. Cənubi Qafqazdakı Ankaranın iştirak etdiyi son hadisələr barədə danışarkən türkiyəli diplomat qeyd edib ki, bu proseslər regionun bütün ölkələrinin üzərinə əlavə məsuliyyət qoyur. “Türkiyənin məsuliyyəti – vasitəçi olmaq və ya münaqişənin nizamlanması prosesini yüngülləşdirməkdir. Ermənistanın məsuliyyəti isə yaranan vəziyyətdə sülhə nail olmaq üçün əlavə addımlar atmaqdır”, – Apakan bildirib.

O, həmçinin Türkiyənin Azərbaycan və Ermənistan arasında problemləri həll edə biləcəyinə əmin olduğunu bildirib. Türkiyəli diplomat onu da əlavə edib ki, Ankara təkcə Qafqazda deyil, eyni zamanda Yaxın Şərq və Balkan ölkələrindəki problemlərin həllində məsuliyyəti öz üzərinə götürməyə çalışır. “Bizim heç bir zaman gərgin münasibətlərimiz olmayıb. Azərbaycana gəldikdə isə, biz heç vaxt qardaşlarımızı yarı yolda qoymarıq”, – o bildirib.

Türkiyə hökuməti qeyd edir ki, oktyabrın 10-da Ankara və Yerevan arasında münasibətlərin normallaşdırılmasına dair protokolların imzalanması Qafqazdakı münaqişələrin, ilk növbədə Dağlıq Qarabağ məsələsinin həllinə yönəlib. Türkiyəli diplomat bir daha qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini gözləyir və region ölkələri bir-birini dəstəkləməlidirlər.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin “soyqırım” iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO