Ali Məhkəmə “Fatimeyi-Zəhra ” məscidi dini icmasının qeydiyyatının ləğvinə dair qərarı qüvvədə saxladı

Ali Məhkəmə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidi dini icmasının qeydiyyatının ləğvinə dair qərarı qüvvədə saxlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Trend-ə verilən məlumata görə, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Fatimeyi-Zəhra adına məscidin dindarlarının dini icmasının qeydiyyatının ləğv edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, DQİDK qanunvericiliyin tələblərinə uyğun olaraq, yenidən dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən edilmiş müddətdə lazım olan sənədlərini Dövlət Komitəsinə təqdim etməməsini, eləcə də mövcud vəziyyətini və fəaliyyət imkanlarını əsas tutaraq, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğv edilməsinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdi. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi isə iddia ərizəsini təmin edərək “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının ləğv edilməsinə dair qətnamə qəbul etmişdi.

Sonradan dini icma apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarı qüvvədə saxlamışdı. Lakin dini icma bu dəfə Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.

Noyabrın 13-də kassasiya şikayətinə baxan Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası icmanın ləğvi ilə bağlı qətnaməni qüvvədə saxlayıb. Nəticədə Azərbaycan Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icmasının 17 oktyabr 1997-ci il tarixli qeydiyyatı ləğv edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO