Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb

Abituriyentlərin Bakı Ali Neft Məktəbinə marağı rekord həddə çatıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbinə (BANM) qəbul kampaniyasının göstəriciləri bu təhsil ocağının test imtahanlarında yüksək bal toplamış abituriyentlərin diqqət mərkəzində olduğunu bir daha sübut edib.

BANM-dən APA-ya verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin qəbul elan etdiyi ixtisaslar üzrə minimal keçid balları müvafiq olaraq “Neft-qaz mühəndisliyi” ixtisası üzrə dövlət sifarişli yerlərə 648, ödənişli yerlərə 637, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 650, “Kimya mühəndisliyi” ixtisası üzrə 634 bal olub. İxtisaslar üzrə orta ballar uyğun olaraq 661, 669 və 646, ümumiyyətlə ali məktəb üzrə 656 bal təşkil edib. Keçən il isə bu rəqəm 631 bal olub.

Ali məktəbə qəbul olanların 50%-i 650-dən çox bal toplamış abituriyentlərdir. Onlardan 48-i azərbaycan, 12-si rus bölməsində təhsil alanlardır.

“Neft-qaz mühəndisliyi” ixtisası üzrə maksimal göstərici 685, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 690, “Kimya mühəndisliyi” ixtisası üzrə isə 695 bal olub.

I qrup ixtisasları üzrə qəbulda test imtahanlarında ən yüksək 695 bal toplamış iki abituriyentdən biri – Qafarlı Sevinc Bakı Ali Neft Məktəbini seçmiş və “Kimya mühəndisliyi” ixtisasına qəbul olunub.

Bu göstəricilər Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi neft strategiyasının perspektivlərinə olan böyük inamı, istedadlı gənclərin mühəndislik ixtisaslarına böyük marağın, ARDNŞ-nin həyata keçirdiyi böyük layihələrin perspektivlərinin və Bakı Ali Neft Məktəbinin cəmiyyətdə nüfuzunun ildən-ilə artması ilə bağlıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO