ABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycanın Xəzər hövzəsi siyasəti müzakirə edilib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti ilə sözügedən Universitetin Beynəlxalq Təhlükəsizlik məsələləri üzrə Kollecində (College of International Security Affairs) “Azərbaycanın Xəzər hövzəsi üzrə siyasəti: perspektivlər və çağırışlar” mövzusunda çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, diplomat Azərbaycanın coğrafi mövqeyinin ölkənin xarici siyasət istiqamətləri və xarakterinin formalaşmasına təsiri barədə məlumat verərək, regional sabitliyin əsasında region dövlətləri arasında qarşılıqlı faydalı münasibətlərin dayandığını deyib. O, Azərbaycanın öz qonşuları Gürcüstan və Türkiyə ilə əlaqələrinin nümunəvi olduğunu qeyd edib.
Azərbaycanın şərqdən Xəzər dənizi ilə sərhədlənməsinin siyasi və strateji üstünlüklərindən bəhs edən səfir onun zəngin enerji resurslarına çıxış imkanını bildirib. Süleymanov hazırda regional sabitliyin əsasında məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi iradəsinin ifadəsi olan qərarlar nəticəsində reallaşdırılmış enerji layihələrinin dayandığını bildirib. Bakı-Tiflis-Ceyhan neft kəməri barəsində də məlumat verən səfir bu layihəni ABŞ-ın dəstəyi ilə regionla bağlı “ən uğurlu layihəsi” adlandırıb.
Süleymanov gündəmdə olan enerji layihələri, xüsusilə TANAP layihəsi barəsində məlumat verib. Hazırda enerji sahəsində əsas prioritetin təbii qazın nəqli olduğunu bildirən səfir Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan da danışıb. ABŞ-ın “Cənub Dəhlizi” layihəsinə dəstəyinin ifadə etməsinin müsbət hal olduğunu bildirən Süleymanov bu tendensiyanın gələcəkdə də davam etdirilməsinə ümidvar olduğunu deyib.
Azərbaycanın terrorçuluğa qarşı mübarizədə fəal iştirakından bəhs edən səfir Şimal Paylayıcı Şəbəkə daxilində Azərbaycanın rolu barədə geniş məlumat verib, Əfqanıstana gedən qeyri-hərbi yüklərin 40 faizdən çoxunun Azərbaycan ərazisindən keçdiyini diqqətə çatdırıb. Səfir Əfqanıstandan koalisiya qoşunlarının çıxarılmasından sonra şəbəkənin sərfəli ticarət dəhlizinə çevrilməsi və region ölkələrinin bu dəhlizə cəlb edilməsi nəticəsində Əfqanıstanın iqtisadi və siyasi inkişafı üçün yeni imkanların açılacağını bildirib. ABŞ-ın “Yeni İpək Yolu” strategiyasının önəmli tərkib hissəsi olan Şəbəkənin Avrasiyanın mərkəzində sabitliyin təminatçısı qismində çıxış edə biləcəyini vurğulayıb.
Qeyd edək ki, 1976-ci ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin dünyanın 80 ölkəsindən məzunları var.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO