Ağ Evin bəyanatı elə öz-özlüyündə prezidentin bəyanatı deməkdir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Ağ Evin rəsmi saytında Xocalı soyqırımına dair yerləşdirilmiş petisiya ilə bağlı verilən sualı şərh edərkən deyib.
Səfir qeyd edib ki, bəyanat öz-özlüyündə hər şeyi bildirir, başqa sözlə desək, günahsız mülki vətəndaşların öldürülməsi qəbuledilməzdir və faciədir.
“Mən ABŞ-ın Azərbaycana təyin edilmiş səfiri kimi demək istəyirəm ki, Xocalı hadisəsinin azərbaycanlılar üçün necə ağrılı bir məsələ olduğunu bilirəm. Mülki vətəndaşların öldürülməsi dəhşətli bir faciədir. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazım olan bütün səylərin göstərilməsinin vacibliyini bir daha ortaya qoyur, çünki Dağlıq Qarabağ problemi bütün azərbaycanlılar üçün çoxsaylı ağrı-acıya səbəb olub”, – səfir deyib.