5 yaşadək uşağı olan valideynlərin nəzərinə

Azərbaycanda 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim olunub.

Hazırkı qanunvericiliyə görə, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlara şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olana kimi etibarlıdır.

Yeni layihədə isə vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılıb. Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq.

5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək.

Fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 iş günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək.

5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq.

Kartın üzərindəki məlumatlarda səhv olduqda həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək.

Yeni layihəyə əsasən, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çip) vətəndaşın gözlərinin rəngi əlavə edilməyəcək.

Sözügedən qanun layihəsi MM-in payız sessiyasında müzakirəyə çıxarılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO