Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tovuz və Ağstafa rayonlarında 480-ə yaxın boş iş yerini işsiz və işaxtaran vətəndaşlara təqdim edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyunun 18-də Tovuz, iyunun 19-da isə Ağstafa rayonlarında əmək yarmarkaları keçiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda yarmarkalarda təqdim olunacaq boş iş yerləri barədə müəssisələrdən məlumatların toplanması işləri aparılır. İlkin məlumata görə, Tovuz rayonunda keçiriləcək yarmarkada 218, Ağstafa rayonunda keçiriləcək yarmarkada isə 260 boş iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq.

Tədbirlərdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edəcək. Yarmarkalar zamanı peşə hazırlığına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq. Əmək yarmarkaları Tovuz rayonunda Şahmat məktəbinin binasında, Ağstafa rayonunda isə Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2015-ci il üzrə əmək yarmarkalarına cari ilin mart ayından başlanılıb. Həmin vaxtdan bəri 8 rayonda keçirilən əmək yarmarkalarında 587 nəfərə boş iş yerlərinə göndəriş verilib ki, onlardan 488 nəfəri (83,1 faiz) göndəriş verilən müəssisələrdə münasib işlə təmin ediliblər. Bu tədbirlərdə 22 nəfər peşə hazırlığına, 21 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

AzərTac.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO