Əli Həsənov: İslamın bəşəriyyətə gətirdiyi dəyərlərin çoxu indi başqa ad altında dünyada təbliğ olunur

“Biz hamımız bilirik ki, İslam dini dünyaya, bəşəriyyətə hansı dəyərləri gətirib. Təəssüf ki, hazırda həmin dəyərlərin çoxu başqa ad altında dünyada təbliğ olunur. İslam ölkələri terroru dəstəkləyən, öz daxillərində və bir-birləri ilə nizam yarada bilməyən dövlətlər kimi təqdim edilirlər. Bu anlamda jurnalistlərin qarşısında mühüm vəzifələr durur”. Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda “Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Ə.Həsənov təəssüflə deyib ki, insanlar müsəlman ölkələrində baş verən hadisələri hələ də CNN, BBC və dünyanın digər bu kimi transmilli media qurumlarından alırlar: “Amma araşdırıldıqda, həmin ölkələrdə baş verən hadisələrlə onlar haqqında dünyaya yayılan məlumat arasında ciddi uyğunsuzluq olduğu, hadisələrin təfərrüatının kənarda qaldığı, hətta əsas cizgilərinin belə o informasiyalarda öz əksini tapmadığı üzə çıxır. Suriyada, Misirdə, İranda, Dağlıq Qarabağda, Qəzza bölgəsində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər yalnız o transmilli media orqanlarının təqdim etdiyi kimidir? Məgər bütün dünya ölkələri o media qurumlarının jurnalistləri kimi düşünür? Əlbəttə ki, yox. Amma bizim media nümayəndələrimiz ayrı-ayrı ölkələrin jurnalistlərindən sağlam fəaliyyət göstərsə də, səslərini bəzən ölkə hüdudlarından kənara çıxara bilmirlər. Bu da ona gətirir ki, dünyada müsəlman dövlətləri, xalqlarına qarşı qərəzli rəy formalaşdırılır. Bu dövlətlər və xalqlar terrorizmin məskəni kimi, vəhşi, sivil normalardan uzaq insanlar kimi təqdim olunurlar”.

PA-nın şöbə müdiri bir neçə gün əvvəl İranda keçirilən İslam Konfransı Təşkilatının mətbuat və informasiya nazirlərinin toplantısında çıxış edərək Azərbaycanda İslam Ölkələri Jurnalistlər Birliyinin yaradılması haqqında məlumat verdiyini və dünyanın 55-dən artıq dövlətinin bu təşəbbüsü ürəkdən dəstəklədiyini qeyd edib.

Ə.Həsənovun sözlərinə görə, İslam dövlətləri Azərbaycanın bu işə ilk təşəbbüskar kimi qoşulmasını, İslam Ölkələri Jurnalistləri Birliyinin təsis qurultayının Bakıda keçirilməsi təklifini yüksək qiymətləndiriblər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO