Əli Həsənov: Dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsi Azərbaycana qarşı ədalətsizlikdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin inkişafından danışıb.

Baş nazirin müavini bildirib ki, son günlər ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin keçirilməsi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir: “Dərin köklərə malik olan əlaqələrimiz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf edib. Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Azərbaycan Prezidentinin İrana son səfəri münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır”.

Ə.Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün xalqımızın ən ağrılı və yeganə problemidir. O, dünya dövlətlərinin işğalçı Ermənistana heç bir təzyiq göstərməməsinin Azərbaycana qarşı ədalətsizlik olduğunu bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı 70 il Sovet imperiyasının tərkibində olsa da öz adət-ənənələrini, dinini, dilini qoruyub saxlayıb: “Azərbaycan bu gün bütün sahələrdə sürətlə inkişaf edir, müasirləşir, dünya baş verən inkişafdan geri qalmır. Bu inkişafın bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Müstəqil siyasət yürüdən Azərbaycan dünya dövlətləri ilə dostluq münasibətlərinə xüsusi önəm verir və əksər ölkələrlə əməkdaşlıq edir”.

Əli Həsənov İranın İmdad Komitəsinin Azərbaycanda gördüyü işləri yüksək qiymətləndirib və humanitar fəaliyyətlərinə görə minnətdarlığını ifadə edib.

Məhəmmədhüseyn Somi Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Qonaq ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük xidmətləri olduğunu deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin son görüşünün əlaqələrin daha da inkişafına böyük təkan verəcəyinə əminliyini bildirib.

M.Somi deyib ki, Azərbaycana səfərində məqsəd ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığı gücləndirməkdir. O, iki ölkə arasında səhiyyə sahəsində təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıb.

Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disk təqdim edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO