Əli Həsənov: Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və iki ölkənin maraqlarına tam cavab verir

Rusiya ilə əlaqələr Azərbaycanın xarici siyasətində prioritetdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Həştərxanda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.

Əli Həsənov bildirib ki, bu gün Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və iki ölkənin maraqlarına tam cavab verir:

“Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərirlər, ticarət və iqtisadi, siyasi və mədəni sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərliyinin birgə səyləri sayəsində Azərbaycan-Rusiya münasibətləri 21-ci əsrin əvvəllərində strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezidentlər İlham Əliyev və Vladimir Putin səviyyəsində siyasi əlaqələrin yüksək dərəcəsi, dövlətlərarası əlaqələrdə mühüm amildir”.

Əli Həsənov deyib ki,Azərbaycan Rusiya ilə bütövlükdə əməkdaşlıq edərək, onun ayrı-ayrı subyektləri ilə də birbaşa əlaqələr qurur:

“Bu gün Azərbaycanın Həştərxanla münasibətləri yüksələn xətlə inkişaf edir. Əminliklə demək olar ki, Azərbaycanın Həştərxanla faydalı əməkdaşlığı Rusiyanın digər subyektlərinə nümunə ola bilər”.

Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, Heydər Əliyev Fondunun fəaliyyəti regionun sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verir.

O, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və ümumiyyətlə Azərbaycan hökumətinə Həştərxanda həyata keçirilən layihələrin dəstəyinə görə minnətdarlığını bildirib.

O, əmin olduğunu bildirib ki, qarşıda xalqlarımızın rifahına yönələn hələ çox layihələr var.

Təntənəli gecədə Azərbaycan və Həştərxan incəsənət ustalarının konserti keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO