Əbülfəs Qarayev: Kinoların yayımı dövlətin işi deyil

“Dövlət kömək edəcək ki, ölkədə kino mərkəzləri yaradılsın, inkişaf etsin, amma kino yayımı dövlətin işi deyil. Bu, prodüserlərin, yayım təşkilatlarının işidir ki, kino istehsalçılarından yayım hüquqlarını alıb bundan gəlir əldə etsinlər”. Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, son vaxtlar Bakıdakı “Nizami” Kino Mərkəzi tərəfindən maraqlı iş həyata keçirilir. Bu səbəbdən də ora gələn insanların, gənclərin sayı artır: “Bu, çox gözəl bir nümunədir. Amma bütün dünyada kino yayımı biznes istiqamətində olan məsələdir”.

Ə.Qarayev qeyd edib ki, növbəti mərhələ üçün planlar var ki, onlar dövlət tərəfindən həyata keçiriləcək: “Şahdağ Qış-Yay Turizm Kompleksində 2 kinoteatr tikmək istəyirik ki, camaat asudə vaxtlarını keçirə bilsin”.

Onun sözlərinə görə, hazırda nazirlik istehsal olunan Azərbaycan kinolarının yayımını təmin edir. Xarici filmlərin yayımı isə özəl qurumların işidir: “Bu gün “Azərbaycan” kinoteatrında bir zal məxsusi olaraq Azərbaycan filmləri üçün işləyir. Biz mədəniyyət evlərinin tikildiyi bütün regionlarda kinofilmlərin yayımı üçün avadanlıqlar qururuq. Həmin mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin nümayişi, təbliğatı prosesini davam etdiririk. Bu, belə də olacaq. Xarici filmlərin yayımına gəlincə isə, bu, özəl qurumların işidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO