Zahid İsayev: Azərbaycanda ticarətin təşkili üzrə yeni qaydalar istehlakçıların hüquqlarının daha dolğun qorunmasını təmin edir

Trend-in İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevlə müsahibəsi

– Zahid müəllim, Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli qərarı ilə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları təsdiq edilib. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

– Məlum olduğu kimi, yeni qərarın qəbul edilənədək ölkədə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli Qərarı ilə tənzimlənirdi. Həmin qaydalarda istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə obyektin infrastrukturuna, sanitar-gigiyenik vəziyyətinə, malların daşınmasına, obyektə qəbul edilməsinə, saxlanmasına, satışı şərtlərinə, hesablaşmaların aparılmasına və s. məsələlərə dair bir sıra tələblər əks olunmuşdu.

Təbii ki, ölkənin sosial-iqtisadi həyatında baş verən müsbət irəliləyişlər, iqtisadi inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələyə qədəm qoyması bu sahədə də mövcud tələblərin, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində sahibkarlıq subyektlərinin fəaliyyətini tənzimləyən normativ aktların təkmilləşdirilməsini zəruri edirdi.

Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında ticarət, məişət, ictimai iaşə və digər növ xidmət Qaydaları”nın layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra aidiyyəti üzrə təqdim olunub və Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Yeni qaydalar ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri və istehlakçılar arasında münasibətlərin daha təkmil şəkildə tənzimlənməsinə xidmət edəcək.

– Qaydalarda hansı yeniliklər əksini tapıb?

– Yeni qaydalar həm həcm, həm struktur, həm də mahiyyət etibarilə əvvəlki qaydalardan əhəmiyyətli dərəcədə fərqlənir. Sənəddə ticarətin təşkili zamanı malların ticarət obyektinə qəbulu, saxlanması, daşınması, satışa çıxarılması və s. mərhələlərdə sahibkarlar tərəfindən riayət edilməli olan ümumi tələblər təkmilləşdirilməklə yanaşı, müxtəlif növ malların ticarətinin təşkili və satış xüsusiyyətlərinə dair xüsusi tələblər müəyyən edilib.

Belə ki, yeni qaydalarda çörək-bulka, qənnadı məmulatları və meyvə-tərəvəz məhsullarının satışının xüsusiyyətləri, istifadədə olmuş qeyri-ərzaq mallarının satışı və səyyar (mövsümi) satışın qaydaları müəyyən edilib, bazar sahiblərinin və satıcıların məsuliyyət dairələri konkretləşdirilib, malların anbarda və ticarət zalında saxlanılması, vitrinlərə yerləşdirilməsi, istehlakçılara təqdim edilməsi qaydaları dəqiq göstərilib.

Məsələn; çörək-bulka məmulatlarının satışı zamanı bu məmulatlar ticarət zalında döşəmədən 60 sm yuxarı məsafədə yerləşdirilmiş xüsusi rəflərdə və ya stellajlarda, spesifik qoxulu mallardan (balıq məhsulları, tütün məmulatları və s) ayrı saxlanılmalıdır. Çəkisi 0,5 kq və ya ondan yuxarı olan qablaşdırılmamış çörək istehlakçının istəyi ilə 2-4 hissəyə bölünməklə satıla bilər.

Sənədlə ictimai iaşə və məişət xidmətlərinin göstərilməsi qaydaları daha da təkmilləşdirilib, həmin xidmətlərin göstərilməsi zamanı icraçı ilə istehlakçı arasında münasibətlər, icraçının vəzifələri, ictimai iaşə məhsullarını hazırlayan və təqdim edən işçilərə olan tələblər, xidmətlərin göstərilməsi zamanı müqavilə şərtləri pozulduqda və ya xidmətlər keyfiyyətsiz yerinə yetirildikdə istehlakçıların hüquqları və s. məsələlər geniş əhatə olunub.

– Qeyd olunan təkmilləşdirmələr sahibkarlara və istehlakçılara nə verəcək?

– Qeyd olunduğu kimi, yeni Qaydalarda ticarət, ictimai iaşə, məişət və digər xidmət zamanı sahibkarlar tərəfindən əməl olunmalı tələblərin dairəsi genişləndirilib və dəqiqləşdirilib. Bunlar isə hər bir sahibkara onda aparılan nəzarət tədbirinin əhatə dairəsini dəqiq müəyyən etməyə və beləliklə də əsassız yoxlamaların qarşısını almağa imkan verir.

Eyni zamanda, Qaydalarla müəyyən edilmiş bütün tələblər istehlakçıların qanunla qorunan hüquqlarının təmin olunmasına, daha dolğun ödənilməsinə yönəlib. Bütün bunlar da öz növbəsində istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO