Yol polisi avtomobili nə vaxt və hansı şərtlər daxilində təqib edə bilər?

Baş Dövlət Yol Polisi İdarəsi yol polisi əməkdaşlarının hərəkətdə olan nəqliyyat vasitəsini hansı şərtlərlə dayandıra və təqib edə biləcəyinə aydınlıq gətirib.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun 85-ci (Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri) maddəsinə əsasən, nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir.

K.Əliyev qeyd edib ki, qanuna əsasən, nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir: “Yol polisinin avtomobili təqib etməsinə gəlincə, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər”.

Şöbə rəisinin sözlərinə görə, məcburi dayanma vasitəsi isə xüsusi tikanlı qurğulardır ki, təkərlərin altına atılır və nəqliyyat vasitəsi təkərlərin deşilməsi yolu ilə məcburi dayandırılır. Lakin bundan əvvəl yol polisi üzərinə düşən bir sıra işləri görməlidir: “Əgər yol polisi hansısa avtomobili təqib edirsə, təhlükəsizlik şərtlərinə əməl etməli, sayrışan işıq siqnalını və xüsusi səs siqnalını qoşulu vəziyyətdə saxlamalıdır ki, digər nəqliyyat vasitələri onu ya görsün, ya da eşidə bilsin. Digər nəqliyyat vasitələri də yolayrıcına yaxınlaşanda, həmçinin şəhərdaxili ərazilərdə sürətlə hərəkət etməməlidir”.

Qeyd edək ki, dövlət yol polisi əməkdaşlarının iştirakı ilə son 4 gün ərzində 2 yol qəzası baş verib. Onlardan birincisində yalnız avtomobillərə maddi ziyan dəyib. Martın 10-da saat 00:30-da Səbail rayonunda baş verən qəza zamanı isə bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

K.Əliyev yol patrul xidməti əməkdaşının iştirakı ilə Səbail rayonunda baş vermiş ağır qəza ilə də bağlı mövqeyini bildirib: “Konkret olaraq dünən gecə Səbail rayonunda baş verən hadisəyə gəlincə, istintaq gərək hadisə zamanı yol polisinin kimisə təqib edib-etməməsini, sayrışan işıq siqnalının qoşulu olub-olmamasını, onlardan hansının işıqforun hansı işığında keçməsini müəyyənləşdirsin və konkret qərar qəbul olunsun. Ola bilsin ki, istintaq müəyyən edəcək ki, qəzada təqsirkar tərəf məhz yol patrul xidmətinin inspektoru olub. Yəni əvvəlcədən nəsə demək hələ tezdir. Bu barədə yalnız istintaqın nəticəsindən asılı olaraq söz demək olar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO