Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması zərurətə çevrilib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hesab edir ki, bu gün ölümlə nəticələnən yol hadisələrinin qarşısını almaq üçün bəzi yol hərəkəti qaydalarının pozulmasının inzibati məsuliyyəti gücləndirilməlidir. “Elə qayda pozulmaları var ki, onların inzibati məsuliyyətinin gücləndirilməsi hər halda belə halların qarşısının alınmasına xeyli təsir göstərə bilər. Bunlardan piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasını göstərmək olar ki, bu gün bu cərimə məbləği çox azdır”, – açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Hazırda İnzibati Xətalar Məccələsinə görə, piyadanın müəyyən olunmamış yerdə yolun hərəkət hissəsinə çıxmasına, işıqforun qırmızı işığında yolu keçməsinə görə 10 manat miqdarında cərimə nəzərdə tutulur.
Əliyev deyib ki, bu cərimənin məbləği bir qədər çox olarsa, piyadalar bu qayda pozuntusuna yol verməkdən müəyyən qədər çəkinərlər.

“Əgər başının üstündə keçid varsa və bu yolu onun altından keçirsə, bu insanı nə qədər maarifləndirmək olar? Bu səbəbdən həmin şəxslərə inzibati tənbehin artırılmasına zərurət var”, – şöbə rəisi əlavə edib.
BDYPİ rəsmisi sürət həddini aşmaya görə də cərimə məbləğinin artırılmasını məqsədəmüvafiq sayır.

“Sürət həddinin aşılmasına görə tətbiq olunan cərimələrin məbləği elə də az deyil. Sürət həddindən asılı olaraq cərimələr müəyyənləşdirilir. Sürət həddinin aşılmasına görə, Avropa ölkələri ilə müqayisədə bizdə fərq var. Bizdə sürət həddinin 10-30 km arasında aşılmasına görə 15-20 manat miqdarında cərimə nəzərdə tutulursa, Avropa ölkələrinin əksəriyyətində bu məbləğ ən aşağısı 35 avrodan başlayır. Norveçdə hətta 390-400 avro təşkil edir. Macarıstanda sürət həddinin 20 km aşılmasına görə 245 avro miqdarında cərimə tətbiq olunur”, – Əliyev qeyd edib.

Statistikaya əsasən, Azərbaycanda ölümlə nəticələnən yol qəzalarının yarısı avtomobillərin yüksək sürətlə idarə olunması ilə bağlıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO