Azərbaycan Prezidenti İlham Əliyevin “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə imzaladığı sərəncamın icrasına bu gündən deyil, sənəddə göstərilənlərdən irəli gələrək onun tətbiqi üçün müvafiq mexanizm yaradıldıqdan sonra başlanacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, müvafiq qaydalar, eləcə də qanunun icra mexanizmi müəyyənləşməlidir ki, onu tam tətbiq etmək mümkün olsun. Sərəncam da məhz qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədilə imzalanıb.
Qeyd edək ki, aprelin 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Prezident qərara alıb ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslərin illik yol vergisini ödəməsinə və avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətini icbari qaydada sığortalamasına nəzarət mexanizmi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 596-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Qeyd edək ki, dəyişikliklərdə nəzərdə tutulur ki, tramvaylar və trolleybuslar, traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri və avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə texniki baxış ildə bir dəfə keçirilir.
Bu nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməyəcəklər.
Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi təklif olunur.
Bu nəqliyyat vasitələrinin istehsal olunduğu vaxtdan dörd il müddətində texniki baxışdan keçirilməməsi təklif olunur.