“Yeni Azərbaycan” qəzeti 1993-cü ilin aprelində – dövlətimiz üçün taleyüklü bir vaxtda Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Ermənistanın hərbi təcavüzü, ölkə daxilində dərinləşən iqtisadi, sosial və siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və s. kimi neqativ proseslər həmin dövrdə Azərbaycanın müstəqilliyini ciddi sınaqlarla üz-üzə qoymuşdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev qəzetin 20 illik yubileyi münasibətilə təbrikində deyib. Bu gün qəzetin 20 illiyi ilə bağlı keçirilən tədbirdə təbriki Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
“Yalnız xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində respublikanın suverenliyi və milli dövlətçiliyi xilas edilmiş, ölkə sabit və davamlı inkişaf yoluna çıxmışdır. Belə mürəkkəb şəraitdə “Yeni Azərbaycan” qəzeti həm Prezident Heydər Əliyevin ideyalarını, həm də hakim Yeni Azərbaycan Partiyasının siyasi xəttini ardıcıl şəkildə təbliğ etmiş, cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, vətənpərvər ziyalıların, demokratik düşüncəli insanların dialoq platformasına çevrilmişdir. “Yeni Azərbaycan” qəzeti keçən 20 ildə daim öz prinsipial mövqeyinə sadiq qalmış, Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etmiş, əsl vətənpərvərlik və təəssübkeşlik nümunəsi göstərmişdir”, – İlham Əliyev təbrik məktubunda bildirib.
Prezident qeyd edib ki, bu gün özünün sosial-iqtisadi tərəqqi dövrünü yaşayan Azərbaycanda müasirləşmə prosesi geniş vüsət almış, ölkəmiz beynəlxalq birliyin fəal üzvü kimi nüfuz qazanmışdır.
“Qloballaşma dövrünün çağırışları və ölkəmizin müasir inkişaf tələbləri müstəqillik, dövlətçilik ideyalarının yorulmaz daşıcısı olan “Yeni Azərbaycan” qəzetinin qarşısında da mühüm vəzifələr qoyur. Hakim və ümumxalq partiyasının rəsmi orqanı kimi, “Yeni Azərbaycan” qəzeti respublikada demokratik cəmiyyət quruculuğuna, vətəndaş həmrəyliyinin güclənməsinə, siyasi mədəniyyətin inkişafına, milli mənəvi dəyərlərin təbliğinə öz sanballı töhfəsini verir. Əminəm ki, qəzetin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək və xalqımızın müqəddəs amallarına, ölkəmizin hərtərəfli inkişafına şərəflə xidmət göstərəcək. Bu yolda bütün “yeni azərbaycançı”lara uğurlar arzulayıram”, – dövlət başçısı təbrik məktubunda deyib.