Yaponiya parlamentində Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş iclas keçirilib

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə Yaponiya parlamentində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illik ildönümünə həsr edilmiş “Azərbaycan Respublikası – 20 ildə sürətli inkişafın nümunəsi” adlı iclas keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İclasda Yaponiya parlamentinin, o cümlədən, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının üzvləri, Yaponiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının Yaponiya tərəfindən həmsədri Akira Amari Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin 24-28 fevral tarixlərində Yaponiyaya ilk rəsmi səfərini xatırlayaraq, bu səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini, Azərbaycan prezidenti İlham Əliyevin 2006-ci il 7-10 mart tarixlərində Yaponiyaya rəsmi səfərinin əməkdaşlığa yeni səhifə açdığını vurğulayıb, səfər çərçivəsində Azərbaycan-Yaponiya parlamentlərarası dostluq liqasının sədri və üzvləri ilə keçirilmiş görüşü məmnunluqla xatırladıb.

Daha sonra səfir Gürsel İsmayılzadə müstəqilliyin bərpa edildiyi son iyirmi il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, dövlətçiliyin möhkəmləndirildiyi, eləcə də sosial, siyasi, iqtisadi sahədə mütərəqqi islahatların həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Atılmış bu addımlar nəticəsində ölkəmizin sabit siyasi sistemə malik demokratik dövlətə çevrildiyi qeyd olunub, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində son illər ərzində ÜDM-in bir neçə dəfə artdığı, sərmayə qoyuluşu üçün əlverişli hüquqi mühitin yaradıldığı bildirilib.

G. İsmayılzadə Azərbaycanın iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və nəzərdə tutulan müxtəlif layihələr və son illərdə əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib. Dünya enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin oynadığı mühüm rol qeyd olunub, reallaşdırılmış və gələcək enerji layihələri barədə məlumat verilib. Bununla yanaşı, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji kimi sahələrdə geniş imkanların mövcud olduğu bildirilib.
Görüş zamanı Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılıb, ölkəmizin 2012-13-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi faktının bunun bariz nümunəsi olduğu bildirilib.

Eyni zamanda, səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazisinin 20%-nin işğalı, işğal nəticəsində bir milyondan çox əhalinin qaçqın və köçkün vəziyyətinə düşdüyü haqda məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, Ermənistanın beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əhəmiyyət verməməsini qeyd edib.
Sonda səfir turizm sahəsinə toxunaraq, turizmin inkişafı üçün həyata keçirilən müxtəlif layihələr barədə geniş məlumat verib və ölkəmizin tarixini və mədəniyyətini, turizm sahəsini əks etdirən video rolik nümayiş etdirilib.

Daha sonra Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Masaki İkegami çıxış edərək, Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionun lider dövlət olduğunu vurğulayıb, bu göstəricilərə görə Ermənistan və Gürcüstanı xeyli qabaqladığını qeyd edib. Həmçinin, cari ilin 22-23 noyabr tarixlərində Bakıda keçirilmiş növbəti Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirak etdiyini bildirib və iclas barədə məlumat verib. Şöbə rəisi ilk dəfə ölkəmizdə 1995-ci ildə olduğunu bildirib və həmin dövrdən keçmiş 16 il ərzində Azərbaycanın yüksək səviyyətə inkişaf etdiyinin əyani şahidi olduğunu vurğulayıb.

İclasda yekun olaraq Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasına Baş Katibi Akihiro Ohata çıxış edib, Azərbaycanın Yaponiya üçün regionda mühüm dövlət olduğunu bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO