Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində etiraz aksiyası keçirilib

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi tərəfindən BMT-nin baş katibi Pan Gi Muna məktub ünvanlanıb, habelə fevral ayının 26-da mövzu ilə bağlı press-reliz BMT-yə üzv olan dövlətlərin diplomatik nümayəndəliklərinə göndərilib.
Daimi nümayəndəlikdən Trend-ə verilən məlumata görə, eyni zamanda, cari ilin fevral ayının 26-da Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association” təşkilatının hər iki qolu, “Türkiyə-Amerika Assosiasiyası” və “Federation of Turkish American Assosiations” ilə birlikdə iki etiraz aksiyası təşkil olunub.
İlk öncə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi nümayəndəliyi qarşısında toplaşmış, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantlar nümayiş etmiş, şuarlar səsləndirmiş, faciə ilə bağlı müxtəlif kitab və jurnalları əcnəbilərə paylamış, baş vermiş hadisələr barədə onlara ətraflı məlumat vermişlər.
Daha sonra, sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT-nin mənzil qərargahı qarşısında, əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında, davam etdirmişlər. Burada nümayişçilərin sayı 70 nəfərə çatmış və tədbirə Nyu Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr də qatılmışlar. İki saat ərzində davam etmiş tədbirin sonunda “Azerbaijan New York Association” təşkilatının rəhbəri Ercan Yerdələnli cəmiyyət adından BMT baş katibi Pan Gi Muna ünvanlanmış məktubu oxumuşdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO