Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırım kimi tanınıb

İslam Konfransı Gənclər Forumunun baş katibi, səfir Elşad İskəndərov jurnalistlərə bildirib ki, “Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir bənd əlavə edilib.

Onun sözlərinə görə, Xocalı faciəsinə həsr edilən paraqrafda qeyd edilir ki, konfrans üzv ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırım xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edir.

Qeyd edək ki, təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildə bir dəfə öz sessiyasını keçirir.

İskəndərov bildirib ki, bu tanınma 2009-cu ildən etibarən həyata keçirilən və İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinin nəticəsi olub.
İƏT Pİ-nin faciəyə verdiyi qiymət İKGF və bu qurum arasında əməkdaşlıq haqqında müvafiq qətnamələrin tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin başçısı, millət vəkili Gövhər Baxşəliyevanın təklifi ilə İKGF-nin irəli sürdüyü əlavələrdən sonra konfrans yekun hesabatda qurumun katibliyinə üzv-ölkələrin parlamentlərinin “Xocalıya ədalət” kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstərilməsinə çağıran bu qətnamənin həyata keçməsini diqqət mərkəzində saxlamağı tapşıran müvafiq qərar qəbul edib.

Qətnamənin vacibliyini şərh edən İskəndərov bildirib ki, beynəlxalq sənədlər arasında bu qətnamə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırım aktı səviyyəsində siyasi-hüquqi qiymət verir.

“Nəzərə alsaq ki, İƏT Pİ öz sıralarında dünya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açacaq”, – İskəndərov əlavə edib.

“Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası Şuşanın işğalının ildönümü günü İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb.

Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO