Vaşinqtonda BMT-nin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qətnamələrinin icra edilməməsi müzakirə edilib

Vaşinqtonun aparıcı araşdırma mərkəzlərindən biri olan Ceymstaun (Jamestown) Fondu BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk qətnamənin qəbul edilməsinin 20-ci ildönümü ilə əlaqədar “Birləşmiş Millətlər Təşkilatı və Ermənistan-Azərbaycan münaqişəsi: Əsaslara baxış” adlı tədbir təşkil edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starın moderatorluq etdiyi tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev, “Heritage” Fondunun baş elmi işçisi Ariel Koen məruzə ilə çıxış etmişdir.
“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin hüquqi əhəmiyyəti” mövzusunda çıxış etmiş Tofiq Musayev beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması baxımından beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasının vacibliyindən bəhs etmişdir.
Musayev BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin icra edilmədən qalmasının hazırkı mərhələdə münaqişənin həllində irəliləyişə mane olan əsas amil kimi dəyərləndirmiş və Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyin heç bir beynəlxalq hüquqi əsasa malik olmadığını əlavə etmişdir.
“Heritage” fondunun baş elmi işçisi Ariel Koen öz çıxışında münaqişənin həllini beynəlxalq güclərin mövqeyi, eləcə də regional reallıqlar kontekstində təhlil edərək, Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın bu istiqamətdə səylərinin artırmasına ehtiyac olduğunu qeyd etmişdir.
Öz növbəsində, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olması naminə yeni yanaşmaların zəruri olduğunu vurğulamış və bölgənin gələcəyinin hər üç region ölkənin qarşılıqlı əməkdaşlığından asılı olduğunu bildirmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO