Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Cəmil Quliyev seçilib.
Trend-in məlumatına görə, qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 iddiaçı -Quliyev Cəmil Elşad oğlu, Şəfiyev Şamil Əli oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim etmişdi.
“İctimai Televiziyaya keçmək niyyətimin səbəbi onun imkanlarının daha geniş olmasıdır”, – bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə keçirilən seçkilər zamanı namizədlərdən biri, Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru Cəmil Quliyev bildirib.
Quliyevin sözlərinə görə, onun İTV-nin rəhbəri seçilmək istəməsində məqsədi milli mənəvi dəyərlərimizi qorumaq, tamaşaçıların bədii estetik zövqünü formalaşdırmaqdır.
“Televiziya cəmiyyətin gözüdür və İctimai Televiziyada yayımlanan proqramlar xüsusi diqqətlə hazırlanmalıdır”, – o deyib.
Quliyev bildirib ki, verilişlərin hazırlanmasında mədəniyyətimizdən, incəsənətimizdən qaynaqlanmalıyıq.
“İTV böyük yol keçib, ötən 8 il ərzində səmərəli fəaliyyət göstərib. İTV-də mədəniyyət, incəsənət sahəsində, gənclərin təlim-tərbiyyəsində yeni addımlar atmağa çalışacağam”, – Quliyev qeyd edib.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.
Xatırladaq ki, bundan öncə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olmuş İsmayıl Ömərov seçkilərdə öz namizədliyini irəli sürməyib.
Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Kinorejissor, ssenarist, aktyor, Azərbaycan Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” kanalının baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir. O, Ümumittifaq Kinematoqrafya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, “Mozalan” satirik jurnalının bədii sujetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda nümayiş etdirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.