İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlər seçilib.
Trend-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən plenar iclasında şuranın səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni üzvlər seçilib.
Yayım Şurasına idman federasiyaları tərəfindən irəli sürülmüş Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, dini konfessiyalar tərəfindən irəli sürülmüş Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilib.
Üzvlərə 6 illik səlahiyyət verildiyi qeyd edilib.
Millət vəkili Fazil Mustafa iclasda İctimai Televiziyanın fəaliyyəti ilə bağlı fikirlərini bildirib.
O, İctimai Televiziyada mütəmadi olaraq Milli Məclisin fəaliyyəti ilə bağlı verilişlərin yayımlanmasını təklif edib.
“Azərbaycan Dövlət Televiziyasından bunu görməsək də, İctimai Televiziyada həftədə bir dəfə 1-2 saatlıq olsa belə, parlament barədə xüsusi proqram hazırlanmalıdır”, – o deyib.
Deputat Siyavuş Novruzov isə çıxışında bildirib ki, İctimai Televiziyada daha çox sosial çağırışlara cavab verən verilişlər hazırlanmalıdır.
“Yalnız “Aktual saat”la maarifləndirmə məsələləri bitmir. Bir az da sazı, aşıqları kənara qoyub, müxtəlif hüquqi sahələrdən maarifləndici layihələr həyata keçirilməlidir”, – Novruzov deyib.
Millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, cəmiyyətdə İctimai Televiziyaya böyük rəğbət bəslənilir.
O qeyd edib ki, bu televiziyada mənəviyyata zidd heç bir proqram verilimir.
Paşayeva İctimai Televiziyada xaricdə yaşayan azərbaycanlılar barədə silsilə verilişlərin hazırlandığını deyib. Deputat xaricdə yaşayan azərbaycan əsilli insanlar üçün İTV-də Azərbaycan dili ilə bağlı öyrədici verilişin yayımlanmasının vacibliyini qeyd edib.
Deputat Fuad Muradov çıxışında İTV Yayım Şurasının üzvü olduğunu xatırladaraq şurada daim müxtəlif mövzularda müzakirələrin aparıldığını qeyd edib.
O, parlament üzvlərinə bildirib ki, iclasda səsləndirilən təkliflər də Yayım Şurasının iclasında qaldırılsın.