Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Baş Prokurorluqda olub

Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Baş Prokurorluqda olubÖlkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 18-də Azərbaycanın Baş prokuroru Zakir Qaralovla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyi, iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət göstərəcəyini xüsusi vurğulayıb.

Baş prokuror son dövrlər qardaş ölkədə baş vermiş qanlı terror hadisələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verərək tez bir zamanda cinayətkarların müəyyən edilərək layiqli cəza alacağına ümidvar olduğunu bildirib.

Görüşdə aprelin əvvəllərində Azərbaycanın işğal altında olan ərazilərindəki erməni hərbi birləşmələrinin Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini artilleriya qurğularından intensiv atəşə tutmaqla beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı törədilmiş cinayətlər, həmçinin hərbçilərimizin yüksək döyüş hazırlığı sayəsində erməni təxribatının qarşısının qətiyyətlə alınması qonaqların diqqətinə çatdırılıb.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi və Dövlət ittihamının müdafiəsi üzrə idarənin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən İ.Cirit rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edib.

Nümayəndə heyətinin üzvləri – Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Mehmet Akarca və Ədliyyə Akademiyasının rektoru Yılmaz Akçil çıxış edərək dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə orqanları sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd ediblər.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun da iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO