“Total Politics ” jurnalı: Azərbaycan – 10 il boyunca canlanma

Son 10 ildə Azərbaycanda infrastrukturun inanılmaz dərəcədə genişləndiyi və ümumilikdə ölkənin inkişaf etdiyi müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın nüfuzlu “Total Politics” jurnalında dərc edilən məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Azərbaycanın son 10 ildə qazandığı nailiyyətlər 2003-cü ildən etibarən ölkə rəhbərliyinin siyasətinin gələcək nəsillərin rifahına yönəlməsini bariz şəkildə təsdiq edir.
Məqalədə bildirilir ki, xarici müşahidəçilər, ekspertlər və siyasətçilərin dünya KİV-də dərc edilən rəylərinə əsasən, ölkədə siyasi hakimiyyət Azərbaycan və dünya dövlətləri arasında qüvvələr balansını saxlamaqla çoxşaxəli xarici siyasət yürüdən güclü Prezidentin etibarlı əllərindədir: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ictimai rəy sorğusu keçirən yerli və xarici şirkətlər Prezidentin ictimai reytinqinin ən azı 80 faiz olduğunu müəyyənləşdiriblər”.
Nəşrin yazdığına görə, ölkənin dinamik inkişafı, sabitlik və islahatlar belə yüksək reytinqin yaranmasına səbəb olur: “Son 10 ildə Azərbaycan vətəndaşlarının həyata yeni münasibəti formalaşıb: ictimai rəy sorğuları göstərir ki, əhali gələcəyə daha ümidlə baxır, çünki insanlar artıq öz ölkələri ilə fəxr edirlər”.
Məqalədə deyilir: “2003-cü ildə Azərbaycan əhalisinin 49 faizi yoxsulluq səviyyəsində yaşayıb. Artıq 2008-ci ildə bu göstərici xeyli azalaraq 16 faiz, sonra isə 6 faiz təşkil edib ki, bu da Prezident İlham Əliyevin öz ölkəsini inkişaf etdirmək məqsədinə çatmasının bariz təsdiqidir”.
Nəşrin qənaətincə, Azərbaycan dinamik inkişaf edən digər dövlətlərdən fərqli olaraq sosial stratifikasiya prosesindən yan keçə bilib: “Əksinə, ölkədə orta təbəqə yaranıb. Bununla yanaşı, intensiv inkişaf sayəsində Azərbaycanın əhəmiyyəti dünya səviyyəsində hiss ediləcək dərəcə artıb”.
Məqalədə qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin əlil şəxsləri, müharibə veteranları və jurnalistlər üçün yaşayış binalarının tikintisi bir növ unikal hadisədir. Azərbaycan keçmiş sovet məkanında belə səmərəli sosial siyasətin aparıldığı yeganə ölkədir. Yalnız Azərbaycanda azgəlirli sosial qruplar dövlətdən avtomobil alırlar. Ölkənin 3 500-dən çox vətəndaşı artıq dövlətdən avtomobil əldə edib”.
Məqalədə yazılır ki, həmçinin ölkədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” icra olunur: “Bu proqrama əsasən, təqribən 2 mindən artıq tələbə nüfuzlu xarici ali məktəblərdə təhsil almağa göndəriləcək. Proqram Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir”.
Məqalədə deyilir: “Azərbaycanın bütün şəhərlərində irimiqyaslı tikinti işləri aparılır. Yeni müəssisələr yaradılır, ölkənin qeyri-neft sektoru genişləndirilir. Təkcə 2012-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb, ölkədə 100 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə 2004-2008 və 2009-2013-cü illərdə, yəni regionların sosial-iqtisadi inkişafının iki dövrü ərzində Azərbaycanda 1,1 milyon iş yeri yaradılıb”.
Nəşr qeyd edir ki, Azərbaycan Prezidenti milli jurnalistikanı da diqqətdən kənarda saxlamayıb. Belə ki, iyulun 22-də qeyd edilən Milli Mətbuat Günündə 156 jurnalist dövlətdən mənzil alıb.
Britaniya nəşri bu 10 il ərzində Azərbaycanın uğurlarını nəzərə almaqla aşağıdakı vacib məqamları qeyd edir:
1. Azərbaycan kosmik ölkəyə çevrilib. 2012-ci ilin fevralında Azərbaycanın ilk “Azerspace-1” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan kosmosa buraxılıb. Növbəti 15 il ərzində peyk Azərbaycana 600 milyon dollar həcmində gəlir gətirəcək. İki ildən sonra ikinci telekommunikasiya peykinin buraxılması planlaşdırılır. Bundan başqa, tədqiqat (o cümlədən kənd təsərrüfatı və meteorologiya sahələri üzrə) məqsədilə daha 4 peyk buraxılacaq.
2008-2012-ci illərdə Azərbaycan iqtisadiyyatında İKT-nin payı 5 dəfə artıb. İKT sahəsinin inkişaf göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olacaq. Ölkə bu sektorda strateji inkişaf məqsədlərini müəyyənləşdirib: belə ki, 2020-2025-ci illərdə Azərbaycanın İKT sahəsindən illik gəlirləri neft-qaz sektorundan əldə edilən gəlirlərə bərabər olacaq. Azərbaycanda 2020-ci ilə İKT sahəsindən ildə 9 milyard dollar gəlir əldə etmək qarşıya məqsəd qoyulub.
2. Azərbaycanın yüksək texnoloji müdafiə sənayesi “sıfır”dan yaradılıb. Hazırda ölkədə təqribən 21 müəssisə fəaliyyət göstərir və həmin müəssisələr pilotsuz uçuş aparatları, zirehli maşınlar, qumbaratanlar və s. daxil olmaqla müdafiə təyinatlı 750 növ məhsul istehsal edir.
3. Dünya maliyyə-iqtisadi böhranı dövründə “Fitch Ratings”, “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar. Reytinq proqnozunun “Sabit”dən “Müsbət”ədək artırılması dövlət borcunun az həcmdə olması, əlverişli ortamüddətli və uzunmüddətli büdcə və xarici perspektivlərlə bağlı olub. Ölkə dünyada iqtisadi eniş dövründə həqiqətən də unikal dinamik inkişaf nümunəsi nümayiş etdirib. Azərbaycan 2009-cu ildə MDB ölkələri arasında iqtisadi artım tempinə görə birinci olub. Ölkə 10 il ərzində ÜDM-in artım tempinə görə müstəsna uğurlara imza atıb. Belə ki, Azərbaycan ÜDM-i 2003-cü ildən 3,5 dəfə artaraq 2012-ci ildə 68,8 milyard dollara çatıb.
4. Azərbaycan Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2012-2013” hesabatında MDB ölkələri arasında birinci, dünyada isə 46-cı olub. Azərbaycan Dünya Bankının 2008-ci il üçün “Doing Business” hesabatında dünyada bir nömrəli islahatçı kimi tanınıb. Əlamətdar haldır ki, söhbət biznesin inkişafı və iqtisadiyyatın liberallaşması üçün şərait yaradan qeyri-neft sektorundakı islahatlardan gedir.
5. Azərbaycan MDB ölkələri arasında ilk dəfə olaraq XX əsrin 90-cı illərində ölkə iqtisadiyyatının əsas donoru olan Beynəlxalq Valyuta Fonduna borclarını tam ödəyib. Qeyd edək ki, bu, 2008-ci ildə baş verib. Həmin vaxt digər ölkələr dünya maliyyə böhranı nəticəsində iqtisadiyyatlarının enişdə olduğunu bildirirdilər.
6. Azərbaycanın MDB ölkələri arasında ilk dəfə olaraq Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının rəsmi donoru olması da ölkənin möhtəşəm uğurların biridir.
7. Azərbaycanın 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərini, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini istismara verməsi regionda yeni nəqliyyat dəhlizinin yaradılmasının təməlini qoyub.
Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu dəhlizinin tikintisinin 2014-cü ildə başa çatacağı gözlənilir. Bu layihə Böyük İpək yolunun dirçəlişinə əhəmiyyətli dərəcədə töhfə verəcək. Dəmir yolunun işə salınması təkcə Azərbaycanla Türkiyəni birbaşa deyil, həm də Mərkəzi Asiyadan keçməklə Londondan Çinədək uzanan Avropa dəmir yolu şəbəkəsini birləşdirməyə imkan verəcək. Son 10 il ərzində nəqliyyat sektorundan əldə edilən gəlirlər təqribən 6 dəfə artıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə nəqliyyatın inkişafı üzrə dövlət proqramı çərçivəsində son 8 ildə bu sahəyə yatırılan investisiyalar təqribən 14 milyard dollar təşkil edib və nəticədə minlərlə kilometr yol yenidən qurulub. Azərbaycanda yeni yollar, həmçinin yol qovşaqları, tunellər və körpülər tikilib.
8. Azərbaycan Xəzər qazının Avropa bazarlarına tədarükü məsələsi üzrə avropalı tərəfdaşlarının uzunmüddətli tərəddüdlərinə son qoydu. Bakı və Ankara arasında “Trans-Anadolu” qaz kəmərinin (TANAP) tikintisi haqqında sazişin imzalanması “Cənub Qaz Dəhlizi”nin yaradılmasında dönüş nöqtəsi oldu. Bu yaxınlarda “Şahdəniz” konsorsiumunun səhmdarları Azərbaycan qazının Türkiyədən Avropa İttifaqı ölkələrinə nəqli üçün “Trans-Adriatik” qaz kəmərinin (TAP) tikintisini bəyəndi. Bununla da Azərbaycan əslində Avropa İttifaqının enerji təhlükəsizliyinin başlıca qarantı oldu.
9. Azərbaycan son illər ərzində regional miqyaslı iri investora çevrilib. Qarşıdakı illərdə təkcə Türkiyə iqtisadiyyatına 17 milyard dollar həcmində Azərbaycan investisiyası yatırılacaq. Azərbaycan, həmçinin Gürcüstan iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə ikinci yeri tutur.
10. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən turizm sektoruna malikdir, bu sahənin ölkə ÜDM-də payı iki dəfə artıb. 2012-ci ildə ölkədə 515 hotel fəaliyyət göstərib. Azərbaycanda hotellərin sayı daim artır və təkcə 2011-2013-cü illərdə Bakıda 8 beşulduzlu hotel (Hilton, JW Marriott, Kempinski, Fairmont, Excelsior, Four Seasons, Sheraton və Jumeirah) açılıb. Ölkəyə gələn turistlərin sayı son 6 ildə 3 dəfə artaraq ildə 2 milyon nəfərə çatıb.
11. Azərbaycanda iri qaz həcmlərinin SSRİ dövründən hasil edilməsinə baxmayaraq, ölkənin bölgələri “mavi yanacaq”la təmin edilmirdi. Hazırda Azərbaycanda abonentlərin 95 faizi qazla təmin edilib.
12. 2013-cü ilin sonuna Azərbaycanda bütün bölgələrin su təchizatı problemi tam həll ediləcək. Cari ilin sonuna bütün iri yaşayış məntəqələri və regional mərkəzlər su ilə təmin ediləcək ki, bu da 50 il müddətində aktual olan bu problemi gündəlikdən tam çıxaracaq.
13. Son 10 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Olimpiya hərəkatı geniş vüsət alıb. Azərbaycan idmançılarının qazandığı medalların sayı artıb. Ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı tarixi qərar qəbul etdi. Həmin oyunlarda Avropanın təqribən 49 ölkəsindən idmançıların iştirak edəcəyi gözlənilir. Bu ölkələri təqribən 15 min idmançı 20 idman növündə təmsil edəcək.
14. 2011-ci ilin oktyabrında Azərbaycan tarixi ərzində ilk dəfə olaraq dünyanın 155 ölkəsindən dəstək almaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Prezident İlham Əliyev erməni işğalı nəticəsində 1 milyon qaçqını olan və ərazisinin 20 faizini itirmiş ölkədə iqtisadi möcüzənin yaradıcısı oldu. Prezident İlham Əliyev Azərbaycanı sənaye cəhətdən inkişaf edən regional dövlətə və sabit ölkəyə çevirdi.
Hazırda Azərbaycan bütün problemlərin bilik və intellektin köməyi ilə həll edildiyi nümunəvi cəmiyyətə çevrilir. Azərbaycan Prezidentinin ölkə iqtisadiyyatının dinamik inkişafı üzrə konkret planları var. 2013-cü ilin sonuna “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci hissəsi yekunlaşacaq. Azərbaycanın 2014-cü il üçün yeni maliyyə proqramının ölkənin iqtisadi potensialının artımını sürətləndirəcəyi və Azərbaycan Prezidentinin öz xalqı üçün müasir arxitektura, çağdaş həyat tərzi və yüksək mədəniyyətə sadiqlik kimi yeni prioritetlər müəyyənləşdirəcəyi gözlənilir. İlham Əliyev bildirib: “Məqsədimiz gələcəkdə Azərbaycanın inkişaf etmiş ölkələr siyahısına daxil olmasından ibarətdir. Və mən əminəm ki, bu baş verəcək, çünki bunu etməyə hər cür imkanımız var. Xüsusilə, bu imkanlar istedadlı insanlar, iqtisadi potensial, təbii resurslar və coğrafi mövqeyimizdir. Şəffaflıq artıq təmin edilib və siyasi islahatlar artıq aparılır”.
“Total Politics” Böyük Britaniya hökumətində bütün səviyyələrdə oxunan yeganə jurnaldır. Jurnal bu ölkənin ictimai rəyini formalaşdıran siyasətçilər və nüfuzlu şəxsləri arasında ən çox oxunan nəşrlərdən biridir.
“Total Politics” naşir Leyn Deylin əsəridir. O, jurnalı siyasət və siyasi proseslər haqqında müsbət təəssüratların formalaşdırılması üçün ərsəyə gətirib. L.Deylin böyük siyasi və naşirlik təcrübəsi var. Onun Britaniyanın indiki hökumətinin nazirləri, ölkənin “kölgə” Nazirlər Kabinetinin üzvləri, nüfuzlu siyasətçilər, parlament üzvləri və Britaniya jurnalistikasının qabaqcıl nümayəndələri ilə də sıx əlaqələri var. L.Deylin təcrübəsi və əlaqələri ona nüfuzlu şəxslərlə mühüm müsahibələr aparmaq imkanı verir.
Ölkə parlamentinin üzvləri arasında sorğu keçirən, Böyük Britaniyanın ictimai rəyin öyrənilməsi sahəsində qabaqcıl araşdırma şirkəti olan “IpsosMORI” 2011-ci ilin yayında jurnalı aşağıdakı nominasiyalarda ən yaxşı nəşr kimi tanıyıb: “Mütləq oxunmalı”, “Nüfuzlu məqalə”, “Böyük Britaniyada liderlik edən siyasi məqalə” və “İlk növbədə oxunmalı nəşr”.
“Total Politics”in 20 mindən çox oxucusu, həmçinin elektron paylaşımı var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO