Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ən nüfuzlu ixtisasları müəyyənləşdirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda hər ixtisas qrupu üzrə ən nüfuzlu ixtisası müəyyənləşdirib.
Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu tədris ilində Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasına daha çox üstünlük veriblər.
Komissiyadan bildirilib ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqənin artmasına, plan yerlərinin artması isə müsabiqənin azalmasına səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuzu səviyyəsini tam ifadə edə bilməz. Ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır. Bu baxımdan ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgündür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO