Tarif Şurası Azərbaycanda benzinin qiymətinin artırılması məsələsinə aydınlıq gətirib

Azərbaycanın Tarif (qiymət) Şurası ölkədə bəzi benzin markalarının qiymətinin artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Şuradan Trend-ə bildiriblər ki, 2 dekabr 2013-cü il tarixindən sonra ölkə daxilində qiymətləri tənzimlənən avtomobil benzininin pərakəndə satış qiyməti dəyişdirilməyib. Belə ki, hazırda Aİ-92 və Aİ-95 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün müvafiq olaraq 70 və 80 qəpikdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməmişdir.
Bununla belə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumlarını 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilmişdir.
Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin (“Premium Avro-95” və “Super Avro-98″) nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır”.

Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO