TANAP layihəsinin reallaşmasında ABŞ-ın siyasi iradəsi zəruridir

ABŞ-ın ən qədim ali təhsil olacaqlarından olan William&Mary Kollecində Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri müzakirə edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir Elin Süleymanov ABŞ-ın ikinci ən qədim Universiteti olan, Virciniya ştatının tarixi Uilyamsburq şəhərində yerləşən William&Mary Kollecində Azərbaycan-ABŞ münasibətlərinin cari durumu, eləcə də problemlər və gələcək perspektivlər barədə kollecin professor-tələbə heyəti qarşısında çıxış edib.
Səfir Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək, ABŞ Konstitusiyasının amerikan xalqının niyyətinin göstəricisi olduğu kimi, Azərbaycan Demokratik Cümhuriyətinin İstiqlal bəyannaməsinin də eynilə yüksək humanist ideyaları əks etdirdiyini vurğulayıb. Azərbaycan Demokratik Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının daxili və xarici siyasətində bu prinsiplərdən çıxış etdiyini deyib. Səfir xüsusilə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların eyni hüquqlara sahib olmasının tarixən hər iki dövlətin siyasətində önəmli yer tutduğunu diqqətə çatdıraraq, bu faktın ortaq dəyərlərin bölüşməsinə parlaq nümunə olduğunu əlavə edib. Azərbaycanın tolerantlıq ənənələri barədə məlumat verən diplomat etnik, milli və dini azlıqların ölkəmizdə sülh şəraitində yaşadığını qeyd edib.
Diplomat çıxışında iki dövlət arasında münasibətlərin strateji xarakter daşıdığını bildirərək, ölkəmizin ABŞ-la terrorçuluqla mübarizə, enerji layihələri sahəsində ortaq maraqları bölüşdüyünü və etibarlı tərəfdaşlığın formalaşdığını qeyd edib.
Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakı barədə məlumat verən səfir ölkəmizin koalisiya qoşunlarının çıxarılmasından sonra da Əfqanıstanın bərpası üçün əməkdaşlığa hazır olduğunu bəyan etdiyini bildirib.
Regional enerji və infrsatruktur layihələrindən bəhs edən Süleymanov Bakı-Tiflis-Qars dəmiryolu, eləcə də TANAP layihələrinin regionun ümumi mənzərəsi və mühitinə öz töhvəsini verəcəyini qeyd edərək, bu layihələrin reallaşmasında ABŞ hökumətinin siyasi iradəsinin ifadə edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasət istiqamətinin nəticəsi olaraq, ölkəmizin beynəlxalq arenada nüfuzunun gücləndiyini vurğulayan səfir bu xüsusda Azərbaycan kimi gənc bir ölkənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini xüsusi qeyd edib.
Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək, ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk Qrupu prosesi çərçivəsində münaqişənin ədalətli həllini tapmasının Azərbaycan və erməni xalqının ümumi rifahına xidmət edəcəyini və regionun daha da inkişafı üçün yeni perspektivlər açacağını deyib.
Qedy edək ki, əsası 1693-cü ildə qoyulmuş William&Mary Kollecinin ilk rektoru ABŞ-ın ilk prezidenti Corc Vaşinqton olub. Kollec qədimliyi ilə yanaşı, ABŞ-da ilk hüquq məktəbinin məhz burada təhsis edilməsi ilə də məşhurdur.
Qeyd edək ki, Virciniya ştatına səfər zamanı E.Süleymanov Uilyamsburq şəhərinin meri Klayd Holmanla görüşmüş və qarşılıqlı maraq doğuran məsələlər, eləcə də potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO