Sərxoş sürücülərə qarşı sərt cəza dəstəklənsə də, yetərli sayılmır

Spirtli içki qəbul edərək avtomobili idarə edən sürücülərin sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yayılan məlumatı şərh edən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mətbuata açıqlamasında diqqətçəkən məqamlara toxunub:

“Azərbaycanda mövcud qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin sərxoş idarə edilməsinə görə təkcə cərimə nəzərdə tutulmur. İnzibati Xətalar Məcəlləsinə edilmiş sonuncu əlavə və dəyişikliyə görə, 152-1.1-ci maddəsinə müvafiq olaraq, sürücünün 300 manat miqdarında cərimə olunması və ya onun sürücülük hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. Lakin İnzibati Xətalar Məcəlləsinin 152-1.2-ci maddəsinə əsasən, sürücü sərxoş vəziyyətdə həmin Məcəllənin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törədərsə, onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 400 manatdan 500 manatadək miqdarda cərimə edilir”. Onun sözlərinə görə, sözügedən xətalara görə qərar yalnız məhkəmələr tərəfindən çıxarıla bilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, layihənin müəllifi Rafael Cəbrayılov bəzi KİV-lərə açıqlamasında bildirib ki, Azərbaycanda spirtli içki qəbul edərək avtomobili idarə edən sürücülər dərhal sürücülük hüququndan məhrum ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə dəyişiklik ediləcək.

Məlum məsələdir ki, baş verən bir sıra yol qəzaları məhz sürücülərin sərxoş halda avtomobili idarə etməsi üzündən yaranır. Yol qəzalarında ölənlərin sayının artma statistikası onu göstərir ki, içkili halda maşını idarə edənlərin sayı azalmayıb. O baxımdan cəzaların sərtləşdirilməsi zərurəti ortaya çıxıb.

Maraqlıdır, ekspertlər sözügedən məsələni necə dəyərləndirir?

“Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalovun fikrincə, içkili halda avtomobili idarə etmək düzgün olmasa da, cəzaları bu tərzdə sərtləşdirmək məqsədəuyğun deyil: “Sürücülərə qarşı bu dərəcədə sərt cəzanın tətbiq edilməsi məqsədəuyğun deyil. Düzdür, inzibati cəzaların sərtləşdirilməsi müəyyən hallarda kömək edir, amma problemi köklü həll etmir. Bu böyük bir prosesdir. Təbii ki, Azərbaycanda sərxoş sürücülərə qarşı bu tip cəzalar tətbiq olunsa, nəticəsini verər. Ancaq gəlin görək bu gün cəmiyyət bu dərəcədə ağır cəzaların tətbiq edilməsini qəbul etməyə hazırdırmı? Məsələnin bu tərəfini də fikirləşmək lazımdır. Aydın məsələdir ki, içkili vəziyyətdə avtomobilin idarə olunması yolverilməzdir. Ancaq cəzaları bu dərəcədə sərtləşdirmək heç də yaxşı olmaz. Onda gərək digər sahələrdə də analoji olaraq cəzaları sərtləşdirək. Belə çıxır ki, onda gərək sürət həddini ötən sürücülərə qarşı da bu cür cəzalar verilməlidir. Çünki qəzaların böyük əksəriyyəti sürət həddini aşmaqdan yaranır. O üzdən, hesab edirəm ki, mövcud cəzalar onsuz da yetərincə sərtdir. Sadəcə, mövcud qanunların işləməsində problemlər var. Qanunların işləkliyi yetərincə təmin olunsa, problem əsasən həllini tapar”.

online.baki-xeber.com

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO