“Sərsəng – humanitar faciənin qarşısının alınması ” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni “Sərsəng – humanitar faciənin qarşısının alınması” layihəsinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, hazırda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 4 su anbarı, o cümlədən “Sərsəng” su anbarı da ermənilərin işğalı altındadır: “Bu su anbarlarının dağıdılması ərtaf rayonlarda böyük fəlakət törədə bilər. Ermənilər bunu qəsdən də edə bilərlər”.

Onun sözlərinə görə, 1976-cı ildə inşa edilmiş və 560 milyon kubmetr su tutumuna malik “Sərsəng” su anbarı bəndinin hündürlüyü 125 metrdir. Bu su anbarında nəsə baş versə, ətrafdakı bir neçə rayon su altında qala bilər.

Əlibəyov bildirib ki, layihənin məqsədi Ermənistan ilə həmsərhəd ərazilərdə və erməni silahlı qüvvələrinin işğal etdiyi ərazilərdə “Sərsəng” su anbarı daxil olmaqla, su anbarlarının həmsərhəd və işğal zonası ilə qonşu ərazilərdə yaşayan insanların həyatı və əmlakı üçün törədə biləcəyi təhlükənin qarşısının alınmasına nail olmaqdır.

AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib: “Bu, çox mühüm və böyük haray qoparılması lazım olan hadisədir. Çünki əgər bu su anbarında hər hansı bir hadisə baş versə, anbar partlasa və ya ermənilər tərəfindən partladılsa, bölgədəki 500 min əhalini böyük təhlükə gözləyir. 21 ildir ki, “Sərsəng” su anbarı ermənilərin əlindədir. Ancaq bu illər ərzində ətraf rayonların əhalisi özü də bu vəlvələni duymayıb”.

O bildirib ki, bu anbar təmir olunmalıdır. Baxımsızlıq ucbatından orada qəzalı vəziyyətin olması qaçılmazdır. Gələcəkdə törənə biləcək böyük fəsadları dünya ictimaiyyətinə çatdırmalıyıq.

Layihənin icrası zamanı BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Aİ Nazirlər Şurası, ATƏT sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri su anbarlarındakı bəndlərin dağılması və ya dağıdılması riski və nəticələri barədə məlumatlandırılacaq. Bundan əlavə, su anbarlarının texniki vəziyyətinin mütəmadi monitorinqinin aparılması, su anbarlarından axının həcminin mövsüm ərzində dəyişməsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurulan zərərin qiymətləndirilməsi, su anbarlarında qəza baş verəcəyi təqdirdə bölgə əhalisinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyət proqramının hazırlanması, eləcə də Ermənistan silahlı qüvvələrinin su anbarlarında qəza törətməsi vasitəsilə ölkə əhalisi üçün yaranacaq risklər barədə beynəlxalq ictimaiyyətin və bölgə əhalisinin məlumatlandırılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə 18 ay ərzində həyata keçiriləcək. Layihə çərçivəsində “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə əməkdaşlıq edilir. Növbəti mərhələdə layihəyə digər dövlət strukturları və QHT-lər də cəlb ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO