Soçidə Qara dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının VI Baş Assambleyası keçirilib

Aprelin 19-da Soçidə Qara dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) VI Baş Assambleyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, PANİA-nın Baş Assambleyasında Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Makedoniya və başqa ölkələrin milli informasiya agentliklərinin rəhbərləri iştirak etmişlər.
Rusiyanın İTAR-TASS agentliyinin kollegiyasının sədri Vitali İqnatenko tədbiri açaraq Assambleyanın gündəliyi barədə məlumat vermişdir.
PANİA-nın fəaliyyətdə olan sədri, AzərTAc-ın baş direktoru Aslan Aslanov çıxış edərək demişdir ki, assosiasiyanın internet resursu sayəsində oxucular PANİA-nın üzvü olan ölkələr barədə ən mühüm yeniliklərdən xəbər tutur, agentliklərimizin jurnalistlərinin fotomaterialları ilə tanış olurlar.
A.Aslanov demişdir: “PANİA-nın yaradılması təşəbbüsçülərindən və onun təsisçilərindən biri AzərTAc olmuşdur. Hesab edirəm ki, bizim əməkdaşlığımız təkcə informasiya mübadiləsi ilə məhdudlaşmamalıdır. Assosiasiya çərçivəsində müxtəlif mövzularda, məsələn regionda təbiətin mühafizəsi, idman və digər məsələlərə dair fotosərgilər və jurnalist yazılarının müsabiqələrini keçirmək məqsədəuyğun olardı”.
AzərTAc-ın baş direktoru vurğulamışdır ki, assosiasiyanın fəaliyyətini gücləndirmək yollarını axtarmaq lazımdır. Bununla əlaqədar PANİA-nın Baş Katibliyini yaratmaq olar. Baş Katiblik zəruri təşkilati və əlaqələndirmə məsələlərini həll edəcəkdir. O demişdir: “Baş Katibliyə Assosiasiyanın üzvü olan bütün informasiya agentlikləri növbə ilə, rotasiya qaydasında rəhbərlik edə bilər”.
Həm təşkilatın üzvü olan ölkələr, həm də xalqların və mədəniyyətlərin tarixində silinməz izlər qoymuş böyük şəxsiyyətlərlə bağlı əlamətdar tarixləri birgə işıqlandırmağı təklif edən A.Aslanov demişdir: “Bildiyiniz kimi, bu il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi qeyd ediləcəkdir. Heydər Əliyev təkcə Azərbaycan xalqı qarşısında deyil, keçmiş Sovet İttifaqının bütün xalqları qarşısında çox böyük xidmətlər göstərmişdir. Buna görə mən sizin hamınıza Heydər Əliyevin nurlu xatirəsinin ehtiramla yad edilməsinə qoşulmağı və bununla əlaqədar bayram təntənələrini sizin informasiya agentlikləri vasitəsilə işıqlandırmağı təklif edirəm”.
A.Aslanov qeyd etmişdir ki, PANİA-nın və onun saytının fəaliyyətinə maddi dəstək üçün üzvlük haqları məsələsinə də baxılmalıdır. Bu, təşkilatın internet səhifəsinin mobilliyini və effektivliyini artırmağa imkan verər.
Sonra baş direktor Aslan Aslanov PANİA-da sədrliyi AzərTAc-dan İTAR-TASS-a vermişdir.
İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov göstərilən etimada görə təşəkkürünü bildirərək demişdir ki, agentlik təşkilatda sədrlik məsələsinə tam məsuliyyətlə yanaşacaqdır.
Sergey Mixaylov AzərTAc-a PANİA-nın sədri vəzifəsində səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirmişdir. O qeyd etmişdir ki, indi AzərTAc sürətlə inkişaf edən informasiya agentliyidir. S.Mixaylov demişdir: “İTAR-TASS ilə AzərTAc arasında əməkdaşlıq yüksək səviyyədədir”.
Sonra PANİA-nın büro üzvləri seçilmişdir. Assambleyanın iştirakçıları Baş Katiblik yaradılması və təşkilatın üzvü olan informasiya agentlikləri üçün üzvlük haqqı məsələsi barədə Aslan Aslanovun təkliflərini də qəbul etmişlər. Baş Katibliyin rəhbəri vəzifəsinə Viktor Çamara seçilmişdir.
“Gələcəyin informasiyası: dünya və regional medianın transformasiyasının əsas meyilləri” mövzusunda plenar iclasda informasiya agentliklərinin rəhbərləri agentliklərin qarşılaşdığı yeni çağırışları, xəbər strukturlarının inkişafının müasir yollarını müzakirə etmişlər.
Assambleya çərçivəsində bir sıra agentliklər informasiya mübadiləsi üzrə ikitərəfli əməkdaşlıq barədə müqavilələr imzalamışlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO