Şahin Mustafayev: Azərbaycan-RF əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çatıb

Azərbaycan və Rusiya Federasiyası (RF) arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi V Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan başqa heç bir ölkə ilə belə formatda görüşlər keçirmir: “Forum çərçivəsində regionlarla tanışlıq məqsədilə müəssisələrə, şəhərin görməli yerlərinə baş çəkmək, mədəniyyət üzrə proqram, ikitərəfli qurumlararası sənədlərin, habelə özəl şirkətlər arasında müqavilələrin imzalanması nəzərdə tutulur”.

Ş.Mustafayev qeyd edib ki, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan və Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olan iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb: “Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Hər iki ölkə prezidenti ikitərəfli siyasi və iqtisadi əlaqələrə böyük önəm verir”.

Nazir əlavə edib: “Bu gün əminliklə demək olar ki, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb. Belə ki, 160-dan çox, o cümlədən iqtisadiyyat sahəsində 40-dan artıq sənəd imzalanıb. Sadalananlar və yüksək siyasi əlaqələr iqtisadi əlaqələrin durmadan inkişafı üçün əlverişli zəmin yaradır”.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də iki ölkə arasında əmtəə dövriyyəsində müsbət dinamika müşahidə edilib: “Əvvəlki illərlə müqayisədə 10,5 faiz artan əmtəə dövriyyəsi təqribən 2,6 milyard dollar olub. Hazırda Azərbaycanın əmtəə dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Azad ticarət rejimi ikitərəfli ticarətin inkişafına yardım edir və sahibkarlıq subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün imkan yaradır”.

Əməkdaşlığın vacib istiqamətlərindən birinin qarşılıqlı investisyalar olduğunu deyən Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycanda Rusiya kapitalı ilə 570 müəssisə işləyir. Son illər Rusiya Azərbaycan iqtisadiyyatına təqribən 1,8 milyard dollar həcmində investisiya yatırıb. Son 10 ildə Azərbaycanın Rusiya iqtisadiyyatına birbaşa investisiyaları 1 milyard dollardan çox olub və ötən il bu rəqəm rekord səviyyədə – 250 milyon dollardan çox olub”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO