Sahibkarın maraqlarının müdafiəsi ilə bağlı hazırlanan qanun layihəsi müzakirə edilib


Azərbaycanda yeni hazırlanmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisdə gərgin müzakirələrə səbəb olub.

Trend-in məlumatına görə, Milli Məclisin Iqtidadi Siyasət, həmçinin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin cümə axşamı birgə keçirilən iclasında sənədi bir çox deputatlar tənqidlə qarşılayıblar.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsinin üzərində İqtisadi inkişaf, Ədliyyə və Maliyyə nazirlikləri tərəfindən iş aparılıb.

“Qanunun yaradılması zərurəti sahibkarlığın inkişafına xidmət edir. Hələ 90-cı illərdə sahibkarlığın inkişafı ilə bağlı bir sıra qanun və qərarlar qəbul edilib və bunun nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub”, – o deyib.

Səmədzadə vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı yeni inkiaf mərhələsinə qədəm qoyduğundan və özəl sektor dinamik inkişaf etdiyindən bu sahə yeni baxış tələb edir. Onun sözlərinə görə, bu qanun dövlət başçısının təşəbbüsü ilə hazırlanıb və məqsəd özəl sektorun inkişafı və onlara lüzumsuz müdaxilələrin qarşısının alınmasına xidmət edir.

Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirələr zamanı qanun layihəsində bir sıra hüquqi anlayışların düzgün verilmədiyini və bu terminlərdən sui-istifadə hallarının baş verəcəyindən ehtiyatlandığını bildirib.

“Əgər İqtisadi İnkişaf Nazirliyinin arqumentləşdirilməmiş rəyi olmasa, plenar iclasda müzakirələr gərgin keçəcək”, – o dedi . O qanunun işlək mexanizmi barədə düşünülməsinə ehtiyac olduğunu bildirdi. Əli Hüseynli qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılması təklifi ilə çıxış edib.

Millət vəkili Vahid Əhmədov bildirib ki, qanun layihəsi sahibkarlığın inkişafına və sahibkarların maraqlarına uyğun deyil, müəyyən dövlət qurumlarının maraqlarına xidmət edir. Sənəddə xeyli sayda qeyri-müəyyənliklərin olduğunu bildirən Əhmədov deyib ki, qanun layihəsində qeyd olunan kimi istənilən vaxt aidiyyatı orqanların yoxlamalar aparması düzgün deyil və bu özəl sektora mənfi təsir edəcək.

Deputat Qüdrət Həsənquliyev isə qida sənayesi sahəsindəki vəziyyətin daha bərbad olduğunu və istifadə müddəti ötmüş məhsulların, xüsusilə də ət məhsullarının bazara çıxarılmasından narahatlığını ifadə edib. O bildirib ki, bu qanunun işlək olması üçün ictimai nəzarətə ehtiyac var.

“Bu gün sahibkarlar yoxlamaların sayından deyil, yoxlamalar zamanı tələb olunan rüşvətdən narahatlıq keçirirlər. Əgər rüşvətin qarşısı alınmazsa, bu qanunun tətbiqi mümkün olmayacaq”. – deputat deyib.

Millət vəkili Rəfael Cəbrayılov bildirib ki, bu gün sahibkarların fəaliyyətini aidiyyatı üzrə 17-18 qurum yoxlayır və onların arasında koordinasiya yoxdur.

Deputat həmin qurumlar arasında yoxlamaların aparılması ilə bağlı işin əlaqələndirilmiş şəkildə görülməsinin vacibliyini vurğulayıb.

“Əgər bu koordinasiya qurulmayacaqsa, müzakirə olunan sənəd effektiv işləməyəcək”, – o deyib.

Deputat İlham Əliyev öz çıxışında bildirib ki, qida sənayesi sahəsinin fəaliyyətinin uzun müddət yoxlanılması, təftiş işçilərinin günlərlə orada oturması sahibkarların fəaliyyətini iflic edir. O yoxlamaların əvəzinə reydlərinin həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Digər çıxış edən millət vəkilləri də qanunun məqsədinin tam bəlli olmadığını və sənədin təkmilləşdirilməsi üçün Əli Hüseynlinin təklif etdiyi işçi qrupunun yaradılması ideyasını dəstəkləyiblər, qanunun bu cür formada qəbulunun kiçik və orta biznesin inkişafına mənfi təsir göstərəcəyini vurğulayıblar.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edib, həmçinin səsləndirilən fikirlərin sənəddə öz əksini tapması üçün işçi qrupunun yaradılması təsdiqlənib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO