Səməd Seyidov: Dünyada nüvə təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın töhfəsinə ehtiyac var

Səməd Seyidov: Dünyada nüvə təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın töhfəsinə ehtiyac varAzərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı çox vacib və əhəmiyyətlidir.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu gün dünyada baş verən proseslər göstərir ki, nüvə sisteminin inkişafı və ümumiyyətlə, müasir dünyada nüvə çox mühüm, eyni zamanda, təhlükəli yer tutmağa başlayıb: “Bu baxımdan belə bir sammitin keçirilməsi çox vacibdir. Dünyanın demokratik dəyərlərini dağıtmaq istəyən qüvvələr, terrorçular nüvə texnologiyalarından, kütləvi qırğın silahlarından istifadə etmək cəhdlərini son zamanlar tez-tez dilə gətirirlər”.

S.Seyidov qeyd edib ki, bu sammitdə iştirak edəcək dövlətlər təsadüfən seçilməyib: “Bu dövlətlər nüvə təhlükəsizlik sisteminə öz töhfələrini verə bilərlər. Bu baxımdan Azərbaycanın bu sammitdə iştirakı mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu problemin həllində Azərbaycanın rolu böyükdür. İkincisi, bu gün dünyada təhlükəsizliyi, sabitliyi təmin etmək üçün bu problemin həllində Azərbaycanın töhfələrinə ehtiyac var. Üçüncüsü, Azərbaycan regionda nüvə təhlükəsizliyini təmin etmək üçün güclü dövlətlərdən biridir. Bu faktorların hamısını nəzərə alsaq görürük ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sammitdə iştirakı çox əhəmiyyətlidir”.

Komitə sədri vurğulayıb ki, bu cür sammitdə iştirak eyni zamanda, ölkənin reytinqini göstərir: “Azərbaycan nüvə təhlükəsizliyi ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan dünyanın aparıcı ölkələri içərisində sabitliyi qorumağa ən yüksək səviyyədə riayət edən ölkələrdən birinə çevrilib. Ancaq təəssüflər olsun ki, elə ölkələr var ki, bu problemi tamamilə başqa mövqedən təhlil edirlər. Ermənistanda nüvə təhlükəsizliyinə ən böyük zərbə vuran, köhnəlmiş, heç bir standartlara uyğun olmayan Metsamor atom elektrik stansiyası indiyə qədər fəaliyyət göstərir. Bu baxımdan paradoksal bir vəziyyətə gəlib çıxırıq. Nüvə silahı, atom elektrik stansiyası olmayan Azərbaycan öz iqtisadi potensialı ilə regionda nüvə təhlükəsizliyini təmin edən ölkəyə çevrilib. Nüvə texnologiyalarından istifadə edən, atom elektrik stansiyası olan Ermənistan isə nüvə təhlükəsizliyini nəinki təmin etməyən, nüvə təhlükəsi yaradan bir ölkəyə çevrilib”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO