Səlim Müslümov İtaliyaya gedir

Oktyabrın 17-18-də İtaliya Respublikasının Turin şəhərində Avropa Sosial Xartiyası üzrə beynəlxalq səviyyəli konfrans keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, konfransın məqsədi Avropa Şurasına üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı ilə Avropada davam edən iqtisadi böhran şəraitində Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsi məsələlərini müzakirə etməkdir.

Tədbirin ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi müddətində prioritet olaraq seçdiyi mövzulardan birinə həsr edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nazirlər Sessiyasında əsas çıxışçılardan biri kimi müəyyən olunub.

Xatırladaq ki, sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 18 maddəsi 2004-cü ilin yanvarında Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilib. Digər bir sıra maddələrin də ratifikasiyası istiqamətində ardıcıl işlər aparılır. Qəbul edilən maddələr əmək, peşə yönümü, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə sahəsində bərabər imkanlar, əmək müqaviləsinə xitam verilən zaman müdafiə, səhhətin müdafiəsi, sosial rifah xidmətlərindən yararlanmaq, ədalətli mükafatlandırma, işçinin iş yerində ləyaqətinin müdafiəsi və s. məsələləri əhatə edir. Azərbaycanın milli qanunvericilik sistemində aparılan islahatlar, ölkənin sosial-iqtisadi tərəqqi yönümlü siyasəti, qəbul edilən dövlət proqramları, strategiya və konsepsiyalar mahiyyət etibarilə Dəyişdirilmiş Avropa Sosial Xartiyasının ümdə prinsiplərinə uyğunlaşdırılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO