Rusiya Krımın birləşməsi imkanına baxmır

Viktor Yanukoviç fevralın 21-də böhranın nizamlanması haqqında sazişi imzalamaqla Ukraynada hakimiyyəti faktiki olaraq təhvil verdi. Trend-in “Rossiya 24” telekanalına istiandən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, qeyd edib ki, Ukraynada inqilabi vəziyyət ölkənin müstəqilliyinin ilk günlərində yaranıb.

RF Prezidentinin sözlərinə görə, V.Yanukoviçin yenidən prezident seçilmək şansı yox idi: “Son günlər ərzində telefon əlaqəsi saxladığım hər kəs bununla razılaşır. Konstitusiyaya və qanuna zidd hərəkətlər edərək ölkəni xaosa sürükləmək nəyə lazım idi?”.

V.Putin bildirib ki, Ukrayna parlamenti qismən legitimdir, ölkə prezidenti səlahiyyətlərini icra edən isə yoxdur.

Prezident jurnalistlərə deyib: “Bugünkü hakimiyyət legitimdirmi? Parlament qismən hə, qalanları isə yox. Prezident səlahiyyətlərinin icraçısını isə qətiyyən legitim adlandırmaq olmaz. Hakimiyyətin “fasadının təmiri”ni deyil, əsaslı dəyişikliklər tələb edən ukraynalıları yaxşı başa düşürəm”.

Rusiyanın dövlət başçısı onu da deyib ki, Maydandakı insanları da yaxşı başa düşür, onlar Ukraynada köklü islahatların aparılmasını tələb edirlər.

O, qeyd edib ki, hüquqi baxımdan V.Yanukoviç Ukraynanın yeganə legitim prezidentidir: “Ukrayna Prezidentinin hakimiyyətdən uzaqlaşdırılmasının 3 qanuni yolu var – ölüm, hakimiyyətdən imtina ilə bağlı şəxsi bəyanat və impiçment. İmpiçment mürəkkəb prosesdir. Bu prosedur həyata keçirilməyib”.

Jurnalistin “Moskva Krımın Rusiyaya birləşdirilməsi imkanına baxırmı” sualına V.Putin belə cavab verib: “Yox, baxmırıq”.

Rusiya Prezidenti qeyd edib: “Ümumiliyyətlə, güman edirəm ki, yalnız bu və ya digər ərazilərdə yaşayan vətəndaşlar öz iradələrini azad şəkildə ifadə edə, təhlükəsizlik şəraitində öz gələcəklərini müəyyən edə bilərlər və etməlidirlər”.

Qeyd edək ki, fevralın 26-da səhər Krım Ali Şurasının binası qarşısında bir neçə min nəfər toplaşaraq mitinq keçirib. Etiraz aksiyasından sonra RF Federasiya Şurası Ukrayna ərazisində “bu ölkədə ictimai-siyasi vəziyyət normallaşanadək” Rusiya Silahlı Qüvvələrindən istifadə olunması üçün Prezidentə icazə verib.

Bununla əlaqədar Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ liderləri, eləcə də Aİ-nin və Avropa Komissiyasının sədrləri birgə bəyanat yayaraq Rusiyanın Ukrayna ilə bağlı mövqeyini pisləyiblər və bu ilin iyun ayında Soçidə keçirilməsi planlaşdırılan “Böyük səkkizlik” sammitinə hazırlığı dayandırıblar.

V.Putin bildirib ki, Krımda Ukrayna hərbi hissələrini mühasirəyə alan birləşmələr Rusiya hərbçiləri deyil, Krım özünümüdafiə qüvvələridir.

O, jurnalistin həmin birləşmələrin hərbi formalarının Rusiya hərbçilərinin formalarına oxşaması barədə sualına belə cavab verib: “Bunun üçün hərbi ticarət məsələsinə baxmaq lazımdır. Hərbi ticarət zamanı Rusiya ordusu hərbçilərinin formasına bənzər formalar satılır. Rusiya Krımda özünümüdafiə qüvvələrinin hazırlığında iştirak etmir”.

Prezident, həmçinin qeyd edib ki, 22 min hərbçi bir güllə atılmadan Krım hakimiyyətinin nəzarətinə keçib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl bir qrup silahlı Krım Ali Şurasının inzibati binasını ələ keçirməyə çalışması krımlıların böyük narahatlığına səbəb oldu: “Belə bir təəssürat yarandı ki, Krımda Kiyev ssenarisini təkrarlamaq istəyirlər. Onlar məhz buna görə özünümüdafiə qüvvələri yaratdılar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO