Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2 gün ərzində Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların müraciətlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər naziri tərəfindən qəbul edilən 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həllini tapıb, polis fəaliyyətinə aid olmayan 15 ərizəyə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı, onların obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.
Qəbulda iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə yerlərdə vətəndaşların qəbullarını keçirmələri, müraciətlərə, ərizə və şikayətlərə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığını dəstəklədiklərini, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərdiyinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.