Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1, 5 və 12-ci maddələrinin şərh olunmasına dair qərar qəbul edib.
Konstitusiya Məhkəməsindən Trend-ə bildiriblər ki, Ali Məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1, 5 və 12-ci maddələrinin Azərbaycan Ailə Məcəlləsinin 32.1-ci maddəsinin və Mülki Məcəlləsinin 225.1-ci maddəsinin müddəaları baxımından şərh edilməsini Konstitusiya Məhkəməsindən xahiş edib.
Ali Məhkəmənin sorğusunda qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
Göstərilən Qanunun 12-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.
Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ali Məhkəmə qeyd edir ki, ər-arvaddan birinin adına özəlləşdirilən mənzil üzərində onların mülkiyyət hüquqları (fərdi, ümumi) barədə qanunvericilikdə konkret normanın olmaması məhkəmə təcrübəsində çətinliklər yaradır, vahid məhkəmə praktikasının formalaşmasına və vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsinə mənfi təsir göstərir. Bu baxımdan, mənzillərin özəlləşdirilməsinin əsaslarına və qaydalarına müvafiq olaraq özəlləşdirilən mənzillərin (evlərin) ər-arvadın ümumi mülkiyyəti və yaxud adına özəlləşdirilən şəxsin mülkiyyəti olması məsələsinin konstitusiya icraatı qaydasında şərh edilməsi mühüm əhəmiyyət kəsb edir.
Sorğuya baxan Konstitusiya Məhkəməsi qeyd olunan maddələrin şərhi ilə bağlı qərar çıxarıb.
Qərarda qeyd olunub ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Mülki Məcəllənin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
Konstitusiya Məhkəməsi Milli Məclisə tövsiyə edib ki, mənzil fondunun özəlləşdirilməsi zamanı mülkiyyətçi və onun ailə üzvləri arasında yaranmış qarşılıqlı hüquq və vəzifələrin, o cümlədən özəlləşdirilmiş mənzil üzrə əqdlərin bağlanması zamanı mülkiyyətçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin hüquqi vəziyyətinin bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq təkmilləşdirilsin.