Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Qrant haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətləri tənzimləyir.
Maddə 1. Qrant
1. Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.
2. Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz.
3. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qran predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
4. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın (təşkilatların) və ya siyasi xadimin (xadimlərin) seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.

Maddə 2. Donor
1. Qrant alanla münasibətlərində qrant verən donor sayılır.
2. Azərbaycan dövləti adından müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.
3. Azərbaycan dövləti adından qrantlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına verilir. Belə qrantların verilməsi üçün dövlət büdcəsinin xərcləri tərkibində ayrıca sətirlə xüsusi vəsait nəzərdə tutula bilər. Lakin bu halda həmin vəsaitin formalaşdırılması üçün hər hansı əlavə vergilər tətbiq oluna və ya mövcud vergi dərəcələri yüksəldilə bilməz.
4. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramlar üçün vəsait toplanması olan, öz fəaliyyətində mənfəət götürmək məqsədi güdməyən Azərbaycan Respublikasının istənilən hüquqi şəxsi, habelə fiziki şəxsi Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.
5. Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin mənfəət götürmək məqsədi güdməyən digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər donor qismində çıxış edə bilərlər.
6. Qrant verməkdə, qrant alanı və gerçəkləşdirilməsi üçün qrant verdikləri layihə və proqramları seçməkdə donorlar tam sərbəstdirlər. Azərbaycan dövləti adından Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrantlar müsabiqə əsasında verilir.

Maddə 3. Resipiyent
1. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
2. Aşağıdakılar resipiyent ola bilərlər:
1.müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan dövləti; 2.bələdiyyə orqanları; 3.Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri; 4.Azərbaycan Respublikasının fiziki şəxsləri.
3. Qrant almaqda, donoru və gerçəkləşdirilməsi üçün qrant aldıqları layihə və proqramları seçməkdə Azərbaycan Respublikasından olan resipiyentlər tam sərbəstdirlər.
4. Azərbaycan Respublikasından olan donorlar xarici ölkələrin hüquqi və ya fiziki şəxslərinə qrant verərkən resipiyent qismində kimlərin çıxış edə bilməsi həmin ölkələrin qanunvericiliyi ilə müəyyənləşdirilir.
5. Resipiyentlər qrant müqavilələrinin (qərarların) şərtlərinə uyğun olaraq fəaliyyət göstərirlər.

Maddə 4. Qrant vermək üçün qanuni əsas
1. Donorla resipiyent arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Müqavilədə (qərarda) qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilir.
2. Qrant yalnız müqavilədə və ya qərarda göstərilən məqsədlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Qrantın başqa məqsədlər üzrə istifadə olunması, əgər bu, qrant haqqında müqavilədə (qərarda) nəzərdə tutulmamışdırsa, ancaq donorun əlavə yazılı razılığı ilə mümkündür.
3. Qrant predmeti olan layihə həyata keçirilən dövrdə qrant kimi verilən, yaxud qrant hesabına əldə edilən dəyərlərin satılıb pula çevrilməsi yalnız qrant haqqında müqavilədə belə əməliyyatlar nəzərdə tutulduqda, əks təqdirdə isə donorun əlavə yazılı razılığı ilə mümkündür. Bu halda resipiyentin sərəncamına daxil olan maliyyə vəsaiti qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.
4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdırlar.
5. Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar bir qayda olaraq keçirilə bilməz. Müvafiq icra hakimiyyəti orqanıAzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında, ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir
6. Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir.

Maddə 5. Qrantdan icbari ödənişlər
1. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsiilə tənzimlənir.
2. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur.
3. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Maddə 6. Məsuliyyət
1. Donor və resipiyent bu Qanunun və qrant haqqında müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
2. Donor və resipiyentdən biri xarici ölkənin təşkilatı və ya vətəndaşı olduğu halda onların arasında mübahisələr tərəflərin əvvəlcədən seçdikləri və qrant haqqında müqavilədə (qərarda) təsbit edilmiş ölkənin qanunları əsasında həll olunur. Əks təqdirdə mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll olunur.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 aprel 1998-ci il
¹ 483-IQ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 1998-ci il, ¹ 6, maddə 366)
23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO