“Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yeni – “Gənclərin psixoloji sağlamlığı keşiyində” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi orta məktəblərdə psixoloqların rolunun artırılması və məktəbli gənclərin psixoloji sağlamlığının qorunmasıdır.
Müasir dövrdə inkişaf etmiş ölkərin məktəblərində psixoloji xidmətlərin çox böyük rolu vardır. Beynəlxalq təcrübədə məktəbli gənclər arasında səmərəli əməkdaşlığın qurulmasında, onların problemlərinin müəyyən olunmasında, müxtəlif problemlərlə üzləşən gənclərin stressdən azad olunmasında və onların təhsilə cəlb olunmasında psixoloqlar əvəzsiz rola malikdirlər. Bizim ölkəmizdə 12 ildən artıqdır məktəb psixoloqu institutu yaradılmasına baxmayaraq, bu sahədə çox ciddi problemlərimiz vardır. “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin bu sahədə apardığı araşdırmalar göstərir ki, orta məktəblərdə psixoloji reabilitasiya işi qənaətbəxş səviyyədə aparılımır. Məhz bu səbəbdən “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi bu sahəyə öz dəstəyini vermək qərarına gəldi.
“Gənclərin psixoloji sağlamlığı keşiyində” layihəsinin əsas istiqaməti məktəb psixoloqlarının bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində yaxın günlərdə Bakı şəhərinin 40-a yaxın məktəbində çalışan psixoloqlar üçün xüsusi təlim kursları təşkil ediləcəyi planlaşdırılmışdır. Təlim kurslarında psixodiaqnostika, psixokorreksiya, stress, aqresiyanın yaranma səbəbləri, onun aradan qaldırılması yolları, psixoloji terapiya növləri və sair bu kimi mühüm mövzular müzakirə ediləcəkdir. İnterkativ metodla, qarşılıqlı müzakirələr, qrup oyunlar, beyin həmlələri formatında qurulacaq təlimlər peşəkar psixoloqlar tərəfindən aparılacaqdır.
Təlimlərin məqsədi yalnız məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaq deyil, amacımız həm də onlar arasında ünsiyyətin qurulmasıdır. Bunun üçün layihə çərçivəsində “Məktəb Psixoloqu Şəbəkəsi” yaradılacaqdır. Təlimlərdən sonra bütün iştirakçılarının görüşü keçiriləcək və gələcəkdə təcrübə mübadiləsinin aparılması üçün xüsusi format hazırlanacaq, şəbəkənin nizamnaməsi qəbul ediləcəkdir.
Qeyd edək ki, “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi bu sahədə əməkdaşlıq etmək və birgə fəaliyyət göstərilməsi üçün artıq Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir.