“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Məhkumların psixoloji reabilitasiyasına ictimai dəstək” layihəsini icra edir. Adı çəkilən layihənin əsas məqsədi məhkumların psixoloji gərginliyinin aradan qaldırılmasıdır.
Məlumat üçün bildirək ki, 2008-ci ildə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə məhkumların psixoloji yardım almaq hüququəlavə edilmişdir. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra ölkəmizdəki bütün cəzaçəkmə müəssisələrində psixoloq ştatı açıldı və bu vakant yerlərə işçi qəbulu elan edildi. Bu dəyişiklik tarixindən 5 ilə yaxın zaman keçməsinə baxmayaraq məhkumların psixoloji reabilitasiyası ilə bağlı müəyyən problemlər yaşanmaqdadır. Ölkəmizdə penitensiar psixologiya sahəsində peşəkarların qıtlığı məkumların bü hüquqlarının təminatını çətinləşdirmişdir. Məhkumların psixoloji yardım hüququ islahetmə prosesinin ayrılmaz komponentidir. Bu komponentin problemlə rastlaşması isə birbaşa olaraq islahetmə prosesinə ciddi xələl gətirir. Hər hansı bir səbəbdən cinayət əməlinə əl atmış şəxs azadlıqdan məhrum edilirsə, o, həbsdə olduğu müddətdə islah edilməlidir. Dövlət öz tərəfindən bu işi aparır, lakin ictimai sektorun da bu sahəyə dəstəyi zəruridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 20-ci maddəsinə görə “Məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı” na həsr edilmişdir.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi olaraq penitensiar sahədəki digər mühüm məsələlərlə yanaşı məhkumların psixoloji reabilitasiyasına da mütəmadi olaraq öz dəstəyimizi veririk. Yuxarıda adı çəkilən layihə ilə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tabeçiliyindəki Cəzaçəkmə Müəssisələrində saxlanılan məhkumlarla psixoloji iş aparılır. Bu məqsədlə müəssisələrdə xüsusi psixoloji təlimlər təşkil edilir. Təlimlərdə qrup terapiyasının metodologiyası, insanın psixoloji tipologiyalara görə bölgüləri, emosiyalar və hisslər, stress, depresiya və bu vəziyyətdən çıxış yolları, insan xarakterinə optimal psixoloji davranış yolu və sair bu kimi mühüm mövzular müzakirə edilir. Bu layihə ilə biz məhumların psixoloji gərginliyinin götürülməsinə, onların aqresiyasının müəyyən qədər azalmasına nail ola bilirik.