Qərəzli Avropa və qərb mediası qarşısında obyektiv türk xəbəri

Qərəzli Avropa və qərb mediası qarşısında obyektiv türk xəbəriAzərbaycan xəbərlər xidməti
Mətanət Əliyeva-Trend:

Türk dünyasının indi hər zamankından daha artıq birliyə ehtiyacı var. Qazaxıstanın paytaxtı Astana şəhərində 4 türkdilli ölkə – Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzaladı. Bu, türk dünyasında ümumi informasiya məkanının qurulması istiqamətində atılan ilk mühüm addım sayıla bilər. Məqsəd regionda, həm də dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının yaradılmasıdır.

Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək. PA rəsmisi qeyd edib ki, birgə kanalın yaradılması regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək.

Bu gün türkdilli dövlətlərin vahid informasiya məkanının qurulmasına hər zamankından daha artıq ehtiyac yaranıb. Media sahəsində türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi və operativ addımların atılması indi çox aktualdır.
Azərbaycan dövləti və Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyib. Azərbaycan türkdilli dövlətlərlə informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi qazanc gətirmək üçün iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

İnformasiya müasir dünyanın ən güclü silahıdır. Bu baxımdan onun idarə edilməsi ilə bağlı bir çox hallarda gizli savaşlar aparılır. Məhz informasiyanın ictimai fikrə təsiri gücünü nəzərə alan bəzi dairələr bir çox hallarda onun idarə olunmasında təbii mahiyyətindən deyil, qərəzli, sifarişli, subyektiv formalarından istifadə edirlər. Necə ki, biz bunu hazırda bir sıra Avropa və Qərb mətbuatının fəaliyyətində görürük. Düşünürəm ki, Beynəlxalq Türk Xəbər Kanalı yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzu artacaq.

Azərbaycan son illərdə Avropa və Qərbin bir sıra media qurumlarının qərəzli kampaniyalarına tuş gəlib. Xüsusilə də, Azərbaycanın böyük layihələrə imza atdığı dönəmlərdə biz bu halların şahidi oluruq. Ölkə barədə ancaq qara rəngdə kampaniya aparan Avropa media qurumları informasiya siyasətini birtərəfli qaydada aparmağı sanki bir normaya çeviriblər.

Analoji halla Türkiyə də qarşılaşır. Belə ki, müəyyən dairələr “lazımi zamanlarda” medianın dili ilə Türkiyəni subyektiv mövqelərlə tənqid etməklə, beynəlxalq aləmdə ölkə haqqında yanlış rəy formalaşdırmağa çalışırlar. Təbii ki, bütün bunlar məqsədli şəkildə edilir.

Bu gün qonşu Türkiyədə baş verən çox ciddi proseslərə bir çox hallarda göz yuman Avropa və Qərb rəsmiləri ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaq üçün istənilən ələ düşən “fürsəti” fövtə vermirlər. Ən sadə məntiqlə isə bu, qərəzdən başqa bir şey deyil.

Məhz çox vacib olan bu məqamlar vahid türk xəbərinin dünya informasiya məkanında yer alması zərurətini ortaya çıxarır. Hesab edirəm ki, bu istiqamətdə atılan önəmli addım yaxın gələcəkdə qərəzli avropa və qərb mediası qarşısında obyektiv türk xəbərinin reallaşdırılmasında ciddi təkan rolunu oynayacaq. Türk xəbəri isə dünya informasiya məkanında türkdilli dövlətlərin yaşadığı reallıqların dünyaya çatdırılmasında rupora çevriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO