Qənirə Paşayeva AŞ PA-nı kəskin tənqid etdi

Qənirə Paşayeva AŞ PA-nı kəskin tənqid etdiMillət vəkili Qənirə Paşayeva bu gün AŞ PA-da “Aralıq dənizi: qanunsuz miqrasiya üçün əsas qapıdır” adlı sənədin müzakirəsi zamanı çıxış edib.

Trend-in məlumatına görə, millət vəkili deyib: “Mən bir neçə gün əvvəl Türkiyədə Suriya və İraqdan olan köçkünlərlə görüşdüm. Türkiyə onlar üçün bir ümid, bir xilas qapısıdır. Avropa və Avropa Şurası, onun Parlament Assambleyası 2014-cü ildə dünyada ən çox köçkünün sığındığı ölkə olan Türkiyəyə daha çox dəstək olmalıdır və biz Assambleyanı buna çağırırıq. Çünki köçkünlər məsələsində Avropanın Türkiyəni maddi və mənəvi anlamda tək buraxdığını görürük”.

Q.Paşayeva bildirib ki, Türkiyənin köçkünlərlə bağlı 9 milyard dollara yaxın xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır: “Eyni zamanda müzakirə etdiyimiz məruzədə Türkiyədə köçkünlərin sayı 1,9 milyon göstərilib, amma rəsmi rəqəmlər 2,5 milyondur. Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayrımı qoymur. Amma təəssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa və köçkünləri qəbul etdiklərində və dəstək göstərdiklərində etnik və dini kimlik ayrımı etməməyə çağırırıq. Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar”.

Millət vəkili əlavə edib ki, səbəblərlə mübarizə güclənməzsə, köçkün sayı daha da artacaq və daha böyük problemlər ortaya çıxacaq: “Assambleya ötən gün “Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi” adlı məruzənin səsverməsi zamanı ortaya cıxan üzücü mənzərə kimi münasibətə yol verməməlidir. Belə münasibət olmamalıdır. Öz evinə dönə bilməyən və Assambleyadakı müzakirələri izləyən 1 milyondan çox azərbaycanlı qaçqın və köçkünlərin nə qədər böyük üzüntü duyduğunu burada anlatmaq mənim üçün çox çətindir. Onlar çox üzgün oldular. Bunları söyləməyimdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaq. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan nəticələr, ortaya çıxan acı durumlar, faciələrı önləmək də çox çətindir. Bir düşünün. İnsanlar niyə evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq fərq qoymadan dəstək göstərmək bütün Avropada ilk növbədə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO