Politoloq: Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri hədsiz ciddidir


Politoloq: Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri hədsiz ciddidir

Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri hədsiz ciddidir. Rusiya ekspertlərinin əksəriyyətinin beyni bu reallığı dərk etmək gücündə deyil. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, SSRİ dövründən sonra Rusiyanın uğur qazandığı region Ön Asiyadır. İndi geosiyasi proseslərin ağırlıq mərkəzi də Ön Asiyadadır: “Rusiyanın uğurunun yaşı azdır və möhkəmləndirilməsinə ciddi ehtiyac var. Bu coğrafiyada Rusiyanın uğurları arasında üç dövlət var: İran, Türkiyə və Azərbaycan. Yalnız Azərbaycanla modern, manevrli, qarşılıqlı təhlükəsizliyə və faydaya söykənən siyasət qurmaqla Rusiya bu regionda əldə etdiyi uğuru qoruya bilər”.
Əhmədoğlu hesab edir ki, Rusiyanın Azərbaycandan başqa digər ölkələrlə qurduğu münasibətlər Türkiyə və İranın siyasətinə təsir etməyə imkan yaratmır: “Yalnız Azərbaycanla birlikdə aparılan siyasət müsbət tutumlu ola bilər. İranın ABŞ-la müttəfiq olma ehtimalı az deyil. Türkiyə hələ də ABŞ-la əksərən eyni cinahdadır. Azərbaycan faktoru Türkiyə və İranın nəzərə alaçağı yeganə faktordur”.
Politoloq hesab edir ki, Rusiya SSRİ dağıldıqdan sonra yaratdığı uğur coğrafiyasını qorumaqdan ötrü nəinki Dağlıq Qarabağı Azərbaycana qaytara, hətta Ermənistanın tamamilə silinməsinə razı olacaq.
Əhmədoğlu deyib ki, Rusiya boyda nəhəngin geosiyasi uğur olmadan yaşaması isə mümkün deyil: “Bu tezis Rusiya tərəfdən başa düşülür və qəbul edilir. Sübut kimi Vladimir Putin Bakıda olarkən Azərbaycan Prezidentinin onun şərəfinə verdiyi ziyafətdə söylədiyi nitqdə səsləndirdiyi fikri göstərə bilərik: “Əlbəttə, bizim necə işləyəcəyimizdən çox şey asılı olacaqdır. Hələ çox məsələləri həll etmək lazımdır. Bizə keçmişdən qalan çox çətin, ilk baxışda hətta həlli mümkün olmayan problemlər vardır. Lakin əgər xoş məram, istək olsa, əgər ölkələrimiz qarşısında, xalqlarımızın gələcəyi qarşısında məsuliyyət olsa, şübhəsiz ki, bütün məsələlərin həlli tapılacaqdır”.
Politoloqun fikrincə, nəzərə almaq lazımdır ki, həlli mümkün olmayan məsələ dedikdə Dağlıq Qarabağ məsələsi nəzərdə tutulmur. Çünki Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından birini göstərmişdi.
Əhmədoğlu əlavə edib ki, “Qarabağ, Zəngəzur və Putin bizimdir və bizim olacaq” şüarını irəli sürməyə az qalır: “Azərbaycanın Rusiya ilə bu gün, bir ildən və ya on illərdən sonra düşmən olmaq niyyəti yoxdur. Əbədi dostluq barədə düşünmək lazımdır. V.Putinin səsləndirdiyi şərtlər özünü doğruldacaq. İlk növbədə, Rusiya özündən asılı olan addımları atmağa başlamalıdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO