Piyadaların cərimələnmə mexanizmi hələ ki, yoxdur…

“Yol hərəkəti qaydalarını pozan və cərimələrini ödəməyən piyadalar məhkəməyə veriləcək” fikri “ Facebook” da aramsız müzakirə olunur. Müzakirələrdə bir çox mübahisəli məqamlar yer alıb. Bəzi insanlar Azərbaycan qanunvericiliyində piyadalara cəza tətbiqinin nəzərdə tutulmadığını bildirərək, bu işi qanunsuz sayır. Hətta bu səbəbdən cərimələrin sürücü protokollarına yazıldığını əsas gətirirlər.

Vəziyyətlə bağlı araşdırmalara başlayan Bakupost.az-a “Təhlükəsiz Yol Alyansı” qeyri-hökumət təşkilatının rəhbəri Şahin Camalov fikirlərini belə ifadə etdi:
– Piyadalara cərimələrin yazılması nə dərəcədə düzgündür?

– Azərbaycanda yol hərəkəti qaydaları var. Bu qaydalar təkcə sürücülər üçün deyil, piyadalar da yol hərəkəti iştirakçılarıdır. Odur ki, qaydaların pozulduğu bütün hallarda bütün vətəndaşlar qanun qarşısında cavabdehdirlər.

Bu baxımdan bura sürücülərlə yanaşı piyadalar da aiddir.

– Fikirlər səslənir ki, piyadaların cərimələnməsi Daxili İşlər Nazirliyində daxili əmrlə qərara alınıb. Ümumiyyətlə, belə bir əmrlə cəza tətbiq oluna bilərmi?

– Əgər protokol tərtib olunursa və cərimə ödənilirsə, bu hər hansı bir nazirin daxili əmri ilə ola bilməz. Hüququn qaydaları var. Daxili işlər nazirliyinin və hər hansı bir nazirin daxili əmri ilə kimlərəsə protokol tərtib oluna bilməz. Eyni zamanda o protokol nəticəsində dövlət büdcəsinə vəsait köçürülə bilməz.

– Azərbaycan qanunvericiliyində piyada cərimələri ilə bağlı konkret maddə varmı?

– Əlbəttə var. Yol hərəkəti qaydalarının pozulmasına görə qanunvericilikdə cəza nəzərdə tutulmasa heç bir vətəndaşa cəza tətbiq oluna bilməz. Bu absurddur. İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsində yol hərəkəti qaydalarının pozulmasına görə cərimə tətbiqi nəzərdə tutulur. Bunun üçün konkret məbləğ də müəyyənləşib – 20 azn.

– Cəriməni ödəməyənlər məhkəməyə verilib, əmlakı müsadirə oluna bilər?

-Dünya təcrübəsində belə bir şey var. Dövlətə borcu olan, cərimə, vergi və yaxud hər hansı digər borc ola bilər ki, həmin şəxslər ölkəni ümumiyyətlə tərk edə bilməz. Məsələn, elə ən yaxın qonşunu götürək. Gürcüstanda bu belədir. Elə bir mexanizm qurulub ki, cərimə borcu olan adam sərhədi keçə bilməz. Aeroportda mütləq o, pulu ödəyib, çeki müvafiq yerə təqdim edib sonra ölkəni tərk etməlidir. Bu çox normal yanaşmadır. Azərbaycanda bu tətbiq olunmur. Amma mən istəyərdim ki, bizim ölkədə də bu tətbiq olunsun. Borc borcdur və onu ödəməyən insanlar qanun qarşısında cavab verməlidirlər.
Məhkəmə borcun onun əmlakına yönəldilməsi haqda qərar çıxara bilər. Bu normal haldır.

– Piyada cərimələri yol hərəkəti qaydalarını pozan sürücülər üçün nəzərdə tutulan protokollara tərtib olunur. Bunun üçün ayrıca bir sənəd yoxdur. Niyə?

– Mən bu barədə eşitmişəm. Məncə bu çox ciddi əhəmiyyət kəsb edən məsələ deyil. Sadəcə, ola bilər ki, piyada cərimələri üçün protokol nümunələri hazırlanmayıb.

Ola bilsin, bu gün üçün bu iş həll olunmayıb, ona görə sürücü protokolundan istifadə olunur. Amma bunun bir mexanizmi olmalıdır.

Daxili İşlər, Ədliyyə nazirlikləri bu işlə məşğul olmalıdır, prosedur qaydaları müəyyənləşməlidir. Nümunələr hazırlanmalı və tətbiq olunmalıdır.

PS: 2013- cü ildə paytaxtda 139 min piyada cərimələnib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO