PANİA saytı sayəsində biz region ölkələrində baş verən hadisələr haqqında operativ məlumat alırıq

Azərbaycan Dövlət Teleqraf Agentliyinin – AzərTAc-ın Baş direktoru Aslan Aslanov Qara Dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA-BSANNA) Soçidə keçiriləcək konfransı ilə əlaqədar İTAR-TASS agentliyinə müsahibə vermişdir.

Aslan Aslanov öz müsahibəsində qeyd etmişdir ki, qloballaşmaqda olan dünyada informasiyaya tələblərin artması ilə əlaqədar xəbər agentliklərini birləşdirən regional təşkilatların fəaliyyəti aktuallaşır.

Onun sözlərinə görə, XXI əsrdə informasiya jurnalistikası tamamilə dəyişmişdir, bu gün həmin jurnalistikanın qarşısında tamam yeni məsələlər durur. Aslan Aslanov vurğulamışdır:

“Xəbər agentliklərinin auditoriyası daim inkişafdadır. İnsanlar istəyirlər ki, xəbərlər həmişə onların yanında olsun, onları müşayiət etsin. Bundan əlavə, sosial şəbəkələr də ənənəvi jurnalistikanı xeyli sıxışdırmışlar. İnformasiya agentliklərinin buna qarşı təkbaşına müqavimət göstərməsi çətindir”. Bununla əlaqədar o, milli informasiya agentliklərini birləşdirən regional təşkilatların zəruri olmasını qeyd etmişdir.

AzərTAc-ın Baş direktoru bildirmişdir ki, PANİA-nın Soçidə keçiriləcək konfransında bu Assosiasiyanın Baş Katibliyinin yaradılması təklifi ilə çıxış etmək niyyətindədir. Aslan Aslanovun fikrincə, PANİA-nın Baş Katibi vəzifəsini də təsis etmək olar.

“Assosiasiyanın üzvü olan bütün informasiya agentlikləri növbə ilə, rotasiya qaydasında Baş Katibliyə rəhbərlik edə bilər. Üzvlük haqqı məsələsinə də baxılmasını vacib hesab edirəm. Bizim fikrimizcə, Assosiasiyanın üzvü olan bütün informasiya agentlikləri PANİA-nın və onun saytının fəaliyyətinə maddi dəstək kimi cüzi, simvolik də olsa müəyyən məbləğ ödəyə bilərlər” – deyən Aslan Aslanov daha sonra əlavə etmişdir ki, maliyyə vəsaitlərinin qoyulması PANİA-nın İnternet səhifəsinin effektivliyini, onun mobilliyini artırmağa, əhatə dairəsini genişləndirməyə imkan verər.

AzərTAc-ın Baş direktoru vurğulamışdır ki, PANİA-nın saytı sayəsində biz region ölkələrində baş verən hadisələr haqqında operativ informasiya alırıq. Aslan Aslanov demişdir: “Sevindirici haldır ki, son vaxtlar PANİA-nın saytında mətnli və foto-materiallarla yanaşı, video-informasiya da yerləşdirilir. Lakin hələlik bunlar azdır. Güman edirəm ki, üzvlük haqları hesabına müəyyən maliyyə axınları saytın texniki imkanlarını genişləndirməyə, saytda yerləşdirilən video və infoqrafika materiallarının həcmini artırmağa imkan verəcəkdir. PANİA İnternet resursu Assosiasiyanın üzvü olan agentliklərin saytlarında yayılmaq üçün gündəlik həyatımızın reallığına çevrilmiş multimedia məhsulları mübadiləsində körpü rolu oynaya bilər. Bundan əlavə, videoxəbərlərin daha intensiv yayılması bütün dünyada həm bizim regiona, həm də Assosiasiyanın fəaliyyətinə marağı artıracaqdır”.

Aslan Aslanov belə hesab edir ki, PANİA çərçivəsində əməkdaşlıq təkcə informasiya mübadiləsi ilə məhdudlaşmamalıdır.

AzərTAc-ın Baş direktoru demişdir: “Biz müxtəlif mövzularda, məsələn regionda təbiətin mühafizəsi, idman və digər məsələlərə dair foto-sərgilər və jurnalist işlərinin müsabiqələrini keçirə bilərdik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO