Ombudsman Sankt-Peterburqda beynəlxalq tədbirdə iştirak edib

Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu tədbirdə iştirak edib.
MDB parlament nümayəndələrinin və müxtəlif ölkələrin parlamentlər təşkilatları təmsilçilərinin iştirak etdiyi beynəlxalq konfrans “Sərhədsiz Avropanın yaradılmasında parlament təşkilatlarının rolu” mövzusuna həsr olunub.
Beynəlxalq konfransın “İnsan hüquqlarının müdafiəsi və inkişafında parlamentlərin rolu”, “İnamsızlıqdan qarşılıqlı anlaşmaya: parlamentarilərin rolu” və digər mövzulara dair plenar iclaslarında proqram üzrə müvafiq məruzələr dinlənilib.
Süleymanova çıxışında Azərbaycanda insan hüquqlarının təmini və müvəkkilin bu istiqamətdə fəaliyyəti, o cümlədən ötən müddət ərzində ombudsman təsisatı ilə parlament arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, qanunvericiliyin təkmilləşdirilməsi, qanun layihələrinin müzakirəsində iştirak, ölkəmizin beynəlxalq müqavilələrə qoşulması ilə bağlı təkliflərə baxılması sahəsində işgüzar münasibətlərin formalaşması barədə ətraflı məlumat verib.
Azərbaycan ombudsmanı konfransın təşkilatçı qurumlarının və iştirakçıların diqqətini insanların sülh şəraitində yaşamaq, inkişaf etmək kimi kollektiv hüquqlarının təmin olunmasının zəruriliyinə cəlb edib və mövcud hərbi münaqişələrin sülh yolu ilə həll olunması, belə ağır zamanda və sonrakı dövrdə milyonlarla ziyan çəkən insanın hüquqlarının gerçəkləşdirilməsi, pozulmasının qarşısının alınması ilə bağlı tədbirlərin öz gələcək planlarında nəzərə alınmasını tövsiyə edib. O, bunun həm də Avropada vahid hüquq və humanitar məkan baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO