Ombudsman Dağıstanda yaşayan azərbaycanlılarla görüşüb

Elmira Süleymanova: “Azərbaycan diasporlarının xahişlərini ümumiləşdirib səlahiyyətli orqanlara təqdim edəcəyəm”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Dağıstan Respublikasına səfər edib. Bu barədə Lent.az-a eksklüziv açıqlamasında Ombudsman özü məlumat verib. O bildirib ki, Dağıstana UNESCO-nun təşkil etdiyi beynəlxalq konfransa qatılmaq üçün yollanıb. Konfransda 3 Qafqaz ölkəsinin, həmçinin Rusiya və Dağıstanın nümayəndələri iştirak edib. Tədbirdə qadınların həm siyasi həyatda, həm də ümumilikdə bütün proseslərdə qərar qəbul etmə məsələsində iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Konfransda Elmira Süleymanova məruzə ilə çıxış edib. Ombudsman səfər çərçivəsində Dağıstanda yaşayan azərbaycanlılarla da görüşüb. “Dərbənddə azərbaycanlılarla görüşdən sonra Mahaçqalada hökumət nümayəndələri ilə də görüşdüm. Hər iki şəhərdə Azərbaycan-Dağıstan əlaqələri, insan hüquqları sahəsində əməkdaşlıq məsələləri və Dağıstanda yaşayan azərbaycanlıların problemləri müzakirə olunub. Belə məlum oldu ki, milli əlamətinə görə Dağıstanda azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verilmir, onlar Dağıstanın ictimai həyatında kifayət qədər iştirak edirlər. Oradakı Azərbaycan diasporları ilə görüşlərim zamanı onların məndən bir neçə xahişi oldu. Həmin xahişləri ümumiləşdirib səlahiyyətli orqanlara təqdim edəcəyəm”, – deyə, o bildirib.
Qeyd edək ki, Dağıstandan Azərbaycana dönən Elmira Süleymanova bu gün əvvəlcə Quba, daha sonra isə Qəbələ rayonuna səfər edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO