Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuz rayonuna səfəri çərçivəsində 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Heydər Əliyev Fondu da həmin istiqamətdə vacib layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir.
Dövlətimizin başçısına məlumat verildi ki, burada genişmiqyaslı tikinti-abadlıq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Binanın foyesi və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən fotolara geniş yer verilmişdir. Körpələr evi-uşaq bağçasının ərazisində əyləncə qurğuları quraşdırılıb və müxtəlif guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq bağçasının binası sürətlə inkişaf edən Oğuz şəhərinə əlavə yaraşıq verir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq bağçanın binasının inşasına 2012-ci ildə başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq bağçasında 26 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılması üçün hər cür şərait yaradılmışdır. Uşaqların istirahət otaqlarında müxtəlif nağıl və cizgi filmlərinin əsas səhnələrinin böyük fotoları yer almışdır.
Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi.