Nizamnamə

“İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu”nun

NİZAMNAMƏSİ

 

I. Ümumi müddəalar

1.1. “İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupu” İctimai Birliyi (bundan sonra – Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.
1.4. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
1.5. Birliyin hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 91, mənzil 5.

 

II. Birliyin məqsəd və vəzifələri

2.1. Birliyin fəaliyyətinin əsas məqsədi ictimai təşkilat və müəssisələrə nəzarət sahəsində vətəndaşların məlumatlılığını və iştirakını artırmaqla və həmin məqsədlə monitorinqlər keçirməklə Azərbaycan Respublikasında əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin etmək, qanunun aliliyi prinsipinin qorunmasına yardımçı olmaqdır.
2.2. Birlik qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

• İnsan haqlarını qorumaq məqsədi ilə ölkədəki hökumət və QHT sektorunun birgə səylərinin koordinasiyasına nail olmaqla yerli vətəndaş cəmiyyətinə siyasi və ictimai təsir göstərə biləcək uzunmüddətli layihə və proqramları həyata keçirir;
• Dövlətin səlahiyətli nümayəndələrinin, xarici ekspretlərin iştirakı olmadan Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması hallarının araşdırılması mümkün olmadıqda araşdırma prosesinə peşəkarları dəvət edir;
• Qanunvericilik təşəbbüsü yolu ilə məhkəmə sisteminin müstəqilliyinin artırılmasına kömək edir;
• Hüquq-mühafizə orqanları tərəfindən insan hüquqlarının qorunmasına vətəndaş nəzarətini təmin edir;
• Insan hüquqlarının qorunması sahəsində vəzifəli şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yardım göstərir;
• Vətəndaş monitorinqini və hüquq-müdafiə təşkilatlarının nəzarət funksiyasını inkişaf etdirir;
• Cəzaçəkmə müəssisələrində insan hüquqlarının qorunması və təmini sahəsində monitorinqlər təşkil edir;
• Seçki prosesinin təkmilləşdirilməsinə və bu sahədə şəffaflığın artırılmasına kömək edir;
• Kütləvi informasiya vasitələrinin müstəqilliyinin artırılması, söz azadlığı prinsip və dəyərlərinin həyata keçirilməsinə yardımçı olur.

2.3. Bu nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

• Müstəqil məhkəmə sisteminin və qanunun aliliyi prinsipinin əsas insan və vətəndaş hüquq və azadlıqlarının inkişafı istiqamətində müvafiq dəyişikliklərə yol açan qanunvericilik təşəbbüsü ilə çıxış edir;
• Vəzifəli şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və həbsxana işçiləri, QHT nümayəndələri və vətəndaşlar üçün insan hüquqları sahəsində Avropa standartlarına dair müvafiq maarifləndirmə işi aparmaqla müxtəlif kurslar təşkil edir, seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirir;
• Azərbaycanda islah-əmək müəssisələri və azadlıqdan məhrumetmə yerlərində mövcud şəraitin monitorinqi haqqında hesabatlar hazırlayır;
• Müvəqqəti saxlanılanlar və məhbusların öz hüquqlarını bilmələri üçün insan hüquqlarına dair müxtəlif broşüralar, mətbu nəşrlər çap etdirir;
• Seçki prosesinin təkmilləşdirilməsi məqsədi ilə seçki məcəlləsinə və müvafiq qanunvericiliyə düzəlişlər edilməsi üçün qanunverici orqan qarşısında təkliflərlə çıxış edir;
• QHT nümayəndələrini seçkilərdə müstəqil müşahidəçi qismində iştirak etməyə hazırlayır, prezident, parlament və yerli orqanlara seçkilərin monitorinqini keçirir;
• Media peşəkarlığı və jurnalistlərin səmərəli fəaliyyəti üçün zəruri olan tədqiqat jurnalistikası, ictimai informasiya əldə edilməsi və insan hüquqları sahəsində Avropa standartları və sair məsələləri əhatə edən ictimai maarifləndirmə kampaniyaları keçirir;
• Məqsəd və fəaliyyəti barədə məlumatları sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
• Azərbaycan Respublikasının aidiyyatı dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq edir;
• Xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir, həmin təşkilatların Təşkilatın məqsəd və mənafeyinə zidd olmayan tədbirlərinə qoşulur.

2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

 

III. Birliyin hüquqları

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

• öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;
• fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
• Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
• Müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;
• Banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
• Müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
• Qanunvericilikdə qadağan edilməyən öz nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

IV. Birliyin əmlakı və maliyyə fəaliyyəti

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
4.3. Birlik əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

• Təsisçilərin və ya Birliyin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
• İdarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
• Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;
• Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
• Qrantlar;
• Sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
• Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
• Qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
4.5. Birliyin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
4.6. Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
4.7. Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
4.8. Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.

 

V. Birliyin təsisçiləri və üzvləri, onların hüquq və vəzifələri

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
5.2. Təsisçilər bərabər hüquqa malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Birliyin hər hansı bir təsisçisi onun digər təsisçisinin razılığından asılı olmayaraq istənilən vaxt Birlikdən çıxa bilər.
5.4. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) Birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
5.5. Hüquqi şəxslər Birliyin idarə heyəti tərəfindən müəyyən edilmiş sayda nümayəndələri ilə təmsil edilir.
5.6. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
5.7. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
5.8. Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.
5.9. Birliyin üzvləri öz aralarında bərabər hüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

• Bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada Birliyin idarəçiliyində iştirak etmək;
• Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
• Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
• Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
• Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

5.10. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.
5.11. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanlarının səlahiyyət verdikləri həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.12. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

• Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
• Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
• Nizamnamə tələblərinə riayət etmək;
• Birliyin tədbirlərində iştirak etmək.

5.12. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.13. Birliyə üzvlüyə aşağıdakı hallrada xitam verilir:

• Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
• Birliyin üzvlüyündən çıxarıldıqda.

5.14. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

• Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
• Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
• Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.

5.15. Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.16. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

 

VI. Təşkilati struktur və idarəetmə orqanları

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərindən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

• Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
• Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
• Birliyin icra və nəzarət orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
• İllik hesabatın təsdiq edilməsi;
• Başqa təşkilatlarda iştirak;
• Birliyin yenidən təşkili və ləğv edilməsi;
• Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
6.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikləiklərin edilməsi və təşkilatın yenidən təşkili barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
6.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi Sədr və Koordinatorlar həyata keçirir.
6.8. İcra orqanı Birliyin Sədrindən və Koordinatorlardan ibarət olan İdarə Heyətidir.
6.9. İdarə Heyəti kollegial icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:

• Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
• Təkliflər və layihələr irəli sürür;
• Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
• Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.

6.10. İdarə Heyətinin üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.11. İdarə Heyətinin Sədri və Koordinatorları təsisçilərin ümumi yığıncağının qərarı ilə seçilir.
6.12. İdarə Heyətinin bütün üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.
6.13. Sədr:

• Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
• Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.

6.14. Birliyin Nəzarət-təftiş komissiyası Birliyin Ümumi yığıncağı tərəfindən 2 (iki) il müddətinə seçilir.
6.15. Birliyin Nəzarət-təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
6.16. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

 

VII. Birliyin fəaliyyətinə xitam verilməsi

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericilikdə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

 

VIII. Digər şərtlər

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
8.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
8.3. Birliyin maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO